QAN YADDAŞI
Gəncədə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimləri keçirilib
Bakı, 31 mart, AZƏRTAC
Martın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsi, Gənclər və İdman Nazirliyinin Gəncə şəhər baş idarəsinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib.
AZƏRTAC Komitənin saytına istinadla xəbər verir ki, tədbirdə təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Anım tədbirində erməni terror birləşmələrinin 1918-ci il 30 mart - 3 aprel tarixlərində Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə dinc Azərbaycan əhalisinə qarşı xüsusi qəddarlıqla həyata keçirdikləri soyqırımından bəhs olunub.
Hadisə qurbanları dini ibadət yerlərində də yad edilib. Belə ki, Gəncə şəhərində fəaliyyət göstərən müsəlman və qeyri-müsəlman dini icmaları 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım mərasimləri keçirib, şəhidlərin ruhuna dualar oxuyublar.