SİYASƏT
Gəncədə Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının fəalları ilə görüş keçirilmişdir
Bakı, 14 may (AZƏRTAC). Mayın 14-də Gəncədəki 44 nömrəli lisey-məktəb kompleksində Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyevin və təşkilatın məsul işçilərinin iştirakı ilə məktəbin ərazi ilk təşkilatının fəalları ilə görüş keçirilmişdir.
YAP Gəncə şəhər təşkilatından AZƏRTAC-a bildirmişlər ki, məktəbin direktoru Knyaz Süleymanov bir daha Yeni Azərbaycan Partiyasının ölkənin aparıcı siyasi partiyası olduğunu diqqətə çatdırmışdır. Bildirmişdir ki, bu partiyanın sıralarına qəbul olunan hər kəs ulu öndər Heydər Əliyevin ideyalarına sadiq, müstəqil Azərbaycanın sağlam düşüncəli, saf əqidəli insanlarıdır.
Ərazi ilk partiya təşkilatının sədri Səbahət Xəlilova, fəal müəllim Gülzar Fəttahi çıxış edərək məktəbin pedaqoji kollektivinin şəhərin ictimai-siyasi həyatında, kütləvi tədbirlərdə, müxtəlif yarışlarda yüksək fəallıq göstərdiyini, müəllimlərin şagirdlərlə, həm də valideynlərlə düzgün və səmərəli iş qurduqlarını bildirmişlər.
YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Yeni Azərbaycan Partiyasının qazandığı uğur və nailiyyətlərdən söz açaraq bu partiyanın yaradılmasının ümummilli liderimiz Heydər Əliyevin Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən biri olduğunu bildirmişdir. Qeyd etmişdir ki, partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə cəmiyyətimiz getdikcə yeniləşir, dövlətimiz qüdrətlənir. Gəncə şəhərində gedən köklü dəyişikliklər də buna sübutdur. Hazırda Gəncə özünün intibah dövrünü yaşayır.
Sonda Yeni Azərbaycan Partiyasının sıralarına yeni qəbul olunanlara təntənəli surətdə partiyanın üzvlük vəsiqələri təqdim olunmuş, xatirə şəkli çəkdirilmişdir.