ELM VƏ TƏHSİL
“Heydər Əliyev siyasətinin müdriklik gücü” kitabı çapdan çıxıb
Bakı, 3 may, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq Fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Heydər Əliyev siyasətinin müdriklik gücü” kitabı (elmi məqalələr toplusu) çapdan çıxıb.
Kitabın elmi redaktoru akademik Nərgiz Axundova, rəyçiləri professorlar Məmməd Rzayev və Eyyub Kərimov, tərtibçi və redaktoru Sevinc Nisa Quliyevadır.
AZƏRTAC xəbər verir ki, topluda Xatirə Quliyevanın “Heydər Əliyev və mənəvi-estetik dəyərlər”, “Heydər Əliyev siyasəti: milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat” monoqrafiyalarının əsasını təşkil edən, ölkədə və xaricdə çap edilmiş məqalələri başlıca yer tutur. Kitabda “Heydər Əliyev siyasətinin müdriklik gücü”, “Heydər Əliyevin ulu öndərlik missiyası”, “Heydər Əliyev siyasi kursunun təntənəsi“, “Ulu öndər Heydər Əliyevin siyasi idarəçilik proqramında maarifçi Cəlil Məmmədquluzadə irsi”, “Böyük inamın təsdiqi. Ruhun şad olsun Ulu Öndər!”, “Azərbaycan–Türkiyə birlik, həmrəylik fəlsəfəsi”, “Azərbaycanda etnomilli və regional identikliyin inkişaf strategiyası”, “Azərbaycançılıq ideologiyasından multikulturalizmə kimi milli mədəniyyətlərarası dialoq fəlsəfəmiz”, “Multikulturalizmin “dialoq fəlsəfəsi”nə tətbiqinin elmi metodoloji aspektləri (problemə giriş)”, “Multikulturalizm etikası - tərəqqi konsepsiyası”, “Qloballaşma dövründə qlobal antietika məsələləri və problemin həllində ortaq türk ailəsi modeli”, “Qobustan qayaüstü abidələrində qədim türk ailəsinin “dialoq fəlsəfəsi” kimi bir sıra elmi məqalələri yer alıb. Həmçinin müəllifin süni intellekt hadisəsi, intellekt fəlsəfəsinin tarixi və müasir problemləri ilə bağlı dolğun dəlillərə əsaslanan “Süni intellekt fəlsəfəsinin proqressiv və reqressiv inkişaf məsələləri” adlı geniş elmi oçerki və digər məqalələri maraq doğurur.
Bundan başqa, topluda Xatirə Quliyevanın dövlətimizin başçısının fərmanlarından irəli gələn vəzifələr istiqamətində böyük maarifçilərimiz Mirzə Cəlil, Ə.Haqverdiyev, görkəmli filosof alim Z.Göyüşov yaradıcılığına həsr olunmuş məqalələri, Vətən mövzusunda aktuallıq kəsb edən “Sülh gözəldir, torpaqlar isə müqəddəsdir”, “Azərbaycanın haqq mübarizəsi – 2020: tarix, həqiqətlər və reallıq”, “Azərbaycan-Türkiyə birlik, həmrəylik fəlsəfəsi XXI əsrin mədəniyyətlərarası dialoq çağırışları kontekstində”, “Gözün aydın, Azərbaycan! Gözün aydın, Türkiyə!” siyasi-fəlsəfi oçerkləri yer alıb.