SİYASƏT
“Huffington Post”: “Bakı – dialoqun və sülhün unikal vəhdəti”
Vaşinqton, 11 yanvar, AZƏRTAC
Amerikanın “Huffington Post” xəbər portalında incəsənət və ictimai fəaliyyət sahəsində tanınmış şəxslərdən olan Annett Blümün “Bakı - dialoqun və sülhün unikal vəhdəti” sərlövhəli məqaləsi yayılıb.
Xatırladaq ki, ABŞ-ın Los-Anceles şəhərində yerləşən Simon Vizental Mərkəzinin Beynəlxalq Dinlərarası Münasibətlər üzrə məsləhətçisi Annett Blüm Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəvəti ilə ötən il mayın 18-19-da Azərbaycanın paytaxtında “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq” mövzusunda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edib.
Məqalədə insanlar arasında ən nüfuzlu əlaqə vasitəsi və insanların qarşılıqlı fəaliyyətinin ən yaxşı modellərindən biri olan mədəniyyətlərarası dialoqun əhəmiyyətindən bəhs edilir.
A.Blüm Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakından söhbət açaraq yazır ki, onun Bakıya səfər etmək və Azərbaycanla daha yaxından tanış olmaq qərarı üç səbəblə bağlı idi. Müəllif qeyd edir ki, əvvələn, 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycanın bütün müsəlman aləmində ilk dünyəvi və demokratik dövlət olması faktı onun üçün maraqlı idi. İkincisi, həmin dövrdə regionda mühafizəkar və radikal ideologiyanın üstünlük təşkil etməsinə baxmayaraq, Azərbaycan 1919-cu ildə qadınlara seçki hüququ verib. Azərbaycan hökumətinin belə bir addımı Birləşmiş Ştatlarda qadınlara seçki hüququ verilməsindən bir il əvvəl atması Azərbaycan cəmiyyətində və ölkənin hakimiyyət orqanlarında qadınların mühüm rolunun göstəricisi idi. Nəhayət, bu səfərin üçüncü səbəbi müəllifin Azərbaycan ilə İsrail arasında çoxdan bəri yaranmış dostluq münasibətlərinə marağından irəli gəlirdi. Hər iki dövlət dinlərin və mədəniyyətlərin müxtəlifliyi kimi dəyərlərə sadiqdir. A.Blüm yazır ki, Azərbaycanda səfərdə olarkən Simon Vizental Mərkəzinin nümayəndəsi ravvin Kuper ilə birlikdə sinaqoqa gedib, orada Azərbaycan yəhudi icmasından olan dostları ilə görüşüb. Müəllif enerji sahəsində İsrail ilə əməkdaşlıqda Azərbaycanın mühüm rolunu, Azərbaycana texnologiyalar və xidmətlər sahəsində sərmayə qoyulmasında İsrailin rolunu da vurğulayır.
A.Blüm xalqlar arasında dialoqun və qarşılıqlı anlaşmanın əhəmiyyətindən söhbət açaraq yazır ki, nadir geosiyasi mövqedə yerləşən Azərbaycan bu regionda mövcud olan ekstremizmdən qoruna bilib. O qeyd edir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə baxmayaraq, Azərbaycanın münaqişə zonasından kənarda yerləşən ərazilərində 30 mindən çox erməni dinc şəraitdə yaşayır. Müəllifin fikrincə, bütün bu amillər nəzərə alınmaqla Azərbaycan Respublikası həmin Forumun keçirilməsi üçün ən münasib yerdir. Forumda bu ölkənin həm dövlətdaxili, həm də beynəlxalq səviyyələrdə mədəniyyətlərarası harmoniyaya sadiqliyi aşkar görünürdü.
A.Blüm vurğulayır ki, Azərbaycan cəmiyyətin bütün təbəqələrində tolerantlığa sadiq olduğunu artıq sübut edib. Məsələn, Azərbaycan Ali Məhkəməsində və ölkə parlamentində müsəlmanlarla yanaşı, yəhudilər və xristianlar da işləyirlər. Müəllif sonda qeyd edir ki, Azərbaycanda dini və mədəni mənsubiyyətindən asılı olmayaraq bütün insanlar azad yaşayırlar və uğur qazanmaq üçün bərabər imkanlara malikdirlər.
Xatırladaq ki, Annett Blüm senator Dayenn Faynstaynın və amerikalı milyarder, “Blum Capital” investisiya şirkətinin prezidenti Riçard Blümün qızıdır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton