CƏMİYYƏT
İdxal olunan bioloji aktiv qida məhsulunda uyğunsuzluq aşkarlanıb
Bakı, 11 avqust, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə,“M Pharm Company” MMC-nin Türkiyə Respublikasından idxal olunan 300 ədəd “More Than Zeolit, 90 Q toz, Saşe №45” əmtəə nişanlı və 300 ədəd “More Than Zebiotic, Kapsul №30” əmtəə nişanlı bioloji aktiv qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsi ilə bağlı daxil olmuş müraciəti əsasında məhsullardan nümunələr götürülərək təhlükəsizlik göstəricilərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a daxil olan məlumata görə, müayinələr nəticəsində məhsullarda “qurğuşun”un miqdarının normadan artıq olduğu və məhsulun qida sahəsində normativ sənədin tələblərinə cavab vermədiyi aşkarlanıb.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq məhsulların gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması və ya məhv edilməsi barədə qərarlar qəbul olunub.