İQTİSADİYYAT
İKT sahəsində Xorvatiya–Azərbaycan əməkdaşlığının genişlənəcəyi gözlənilir
Bakı, 5 dekabr, AZƏRTAC
İKT sahəsində Xorvatiya–Azərbaycan əməkdaşlığının genişlənəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu “Bakutel-2018” XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirak edən Xorvatiya İqtisadiyyat Palatasının nümayəndəsi Aleksandr Fridman deyib.
“Biz artıq yeddinci dəfədir ki, “Bakutel” sərgisində iştirak edirik və bura bir neçə şirkət ilə gəlmişik. Bu şirkətlərdən bəziləri Azərbaycanda biznes layihələri reallaşdırır, digərləri isə tərəfdaşlar tapmağa ümid edir. İKT sahəsində Xorvatiya–Azərbaycan əməkdaşlığının genişlənəcəyini gözləyirik”, - deyə o bildirib.
Ötən illər ərzində Azərbaycanın infrastruktur və telekommunikasiya sektorunda müsbət dəyişikliklərin başvermə tempinin onlarda heyrət doğurduğunu deyən A.Fridman Xorvatiya və Azərbaycan şirkətləri arasında əməkdaşlığın dərinləşəcəyinə ümid etdiyini bildirib və Xorvatiyanın İqtisadiyyat Palatasının tezliklə Bakıda öz ofisini açmasını istisna etməyib.