DÜNYA
İsveçrədə yarım milyondan artıq insan intihara meyllidir
Bern, 13 sentyabr, AZƏRTAC
İsveçrə dünyanın ən inkişaf etmiş və əhalinin rifah halının yüksək olduğu ölkələri sırasındadır. Lakin əhalinin maddi rifah halı yüksək olsa da, bu ölkədə intihara meyllilik də ciddi problemdir. Belə ki, İsveçrədə 541 min insan son iki həftə ərzində intihar barədə düşünüb. 200 min insan artıq bir dəfə buna cəhd edib, son 12 ayda intihara cəhd edənlərin sayı isə 33 min nəfər olub.
AZƏRTAC xəbər verir ki, 2012-ci ildən bu yana intihar düşüncəsində olanların sayı 6,4 faizdən 7,8 faizə yüksəlib. Mütəxəssislərin fikrincə, qeydə alınmamış halların sayı rəsmi statistikadan daha yüksəkdir. Çünki İsveçrə Sağlamlığın Müşahidə Mərkəzinin (Obsan) statistikası İsveçrə Səhiyyə Anketinə (SGB 2017) əsaslanır və anketlərdə insanlar, adətən, utandıqları üçün tam məlumat vermirlər. İkincisi, Obsanın bildirdiyi kimi, həbsxanalarda və psixiatriya xəstəxanalarında, eləcə də qaçqın düşərgələrində olanlar sorğuya cəlb olunmayıb və intihara meyl bu yerlərdə daha yüksək səviyyədə olur.
Həyatını bitirmək istəyinin səbəbləri heç də təəccüblü deyil: xəstəlik, tənhalıq, özünə inamsızlıq və işsizlik. İntihar barədə düşünənlərin 69,1 faizi orta və ağır depressiv pozuntulardan əziyyət çəkən insanlardır, başqa sözlə desək, bu rəqəm özünəqəsd haqqında düşünməyən insanlardan doqquz dəfə çoxdur. İntihar barədə düşünən insanların təxminən yarısı ağır fiziki xəstəliklərdən əziyyət çəkənlərdir. İntihar düşüncəsi olmayan insanların sadəcə beşdə birinin səhhətində ciddi problemləri var. Həyatına qəsd etməyin ən çox rast gəlinən səbəbləri arasında tənhalıq da var. İntihar haqqında düşünən 21,3 faiz insan (intihar düşüncəsinə qapılmayan insanlardan 6 dəfə çox) özünü tənha və tərk edilmiş hiss edir.
Həyatından bezmiş insanların 19,5 faizi sözün geniş mənasında özünə inamsızlıqdan əziyyət çəkir – bu rəqəm intihar düşüncəsi olmayanlardan 3,5 dəfə artıqdır. Son 12 ayda işsiz insanların 1,5 faizi intihara cəhd edib. İşlə təmin olunmuşlar arasında bu göstərici 0,4 faiz təşkil edir (3,75 dəfə az).
Statistikada cins və yaş rol oynamır. Hətta regionlar arasında da bir o qədər ciddi fərq müşahidə olunmur: baxmayaraq ki, mərkəzi İsveçrədə intihar fikrinə meyllənmək halları digər regionlara nisbətən daha azdır. Digər bir tərəfdən intihar hallarının təhsilli şəxslərə nisbətən orta təhsilli əhali arasında, eləcə də şəhər əhalisinə nisbətən kənd əhalisi arasında daha çox nəzərə çarpması kifayət qədər aydın bir faktdır.
İntihar düşüncələrinə qapılan respondentlərin 25,5 faizi sorğudan öncəki 12 ay ərzində psixoloji yardım alıblar. Analoji düşüncələri olmayanlarda isə bu rəqəm 4,2 faizdir. Xüsusilə kədərli haldır ki, sorğudan öncəki 12 ay ərzində intihara cəhd etmiş respondentlərin 15 faizi nə əvvəl, nə də sonra bu barədə heç kimlə danışmayıblar.
Obsan qeyd edir ki, intiharın qarşısının alınması qlobal məsələdir. Hər il dünyada 800 min insan intihar edir. 2016-cı ildə İsveçrədə təxminən min nəfər intihar etmişdi. Bu isə Avropada yaşayan əhalinin ortalama olaraq hər 100 min nəfərindən 12-sinin intihar etməsi deməkdir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Bern