İQTİSADİYYAT
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində sanitariya ilə bağlı maarifləndirmə tədbirləri aparılıb
Bakı, 5 mart, AZƏRTAC
Paytaxtın ictimai nəqliyyat sistemində əksepidemik tədbirlər və əhali arasında sanitariya maarifləndirmə işləri davam etdirilir.
Bakı Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, bu çərçivədə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində “Nəqliyyat könüllüləri”nin iştirakı ilə aksiya keçirilib. Könüllülər mərkəzin ərazisində sərnişinlərə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) hazırladığı broşürlər paylayıb. Broşürdə respirator virus infeksiyalardan qorunmaq, gigiyenik qaydalara əməl edilməsinə dair zəruri maarifləndirici məlumatlar əks olunub. Könüllülər gözləmə zallarındakı kitab rəflərinə də maarifləndirici broşürlər qoyub.
“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində gözləmə zallarında sərnişinlərin, sürücülərin və digər personalların əllərini dezinfeksiya etməsi üçün zallara xüsusi dərman məhlulları olan qutular qoyulub.