SİYASƏT
Kütləvi informasiya vasitələrində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayılan yazıların monitorinqi aparılmışdır
Bakı, 11 aprel (AZƏRTAC). Azərbaycan Mətbuat Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazılan materialların monitorinqinə dair layihənin icrasını davam etdirir.
Şuradan AZƏRTAC-a bildirmişlər ki, icrasına bu il martın 1-dən başlanılan layihənin rəhbəri Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyevdir.
Layihə çərçivəsində reallaşdırılan başlıca fəaliyyət respublikada müntəzəm yayımlanan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin monitorinqidir. Bu məqsədlə 17 qəzetin və 21 onlayn media orqanının gündəlik materialları nəzərdən keçirilməkdədir. Prosesdə KİV-lərin Dağlıq Qarabağ münaqişəsinə nə dərəcədə yer ayırmasına xüsusi diqqət yetirilir.
Mart ayının yekunlarına əsasən, monitorinqi aparılan KİV-lərdə Dağlıq Qarabağ münaqişəsi haqqında 1048 məqalə dərc olunmuşdur. Yazılardan 840-nın (80,2 faiz) onlayn mediada, 208-nin (19,8 faiz) isə mətbuatda yer aldığı müəyyənləşdirilmişdir.
Monitorinq olunan qəzetlərdən mövzu ilə bağlı ən çox məqaləni dərc edən “Üç nöqtə” qəzeti olmuşdur. Onlayn mediada isə ilk üçlükdə AZƏRTAC, APA informasiya agentlikləri və Musavat.com saytı yer almışdır.
Monitorinq çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə hansı aspektdən yanaşılmasına da diqqət yetirilmişdir. Məlum olmuşdur ki, materialların 37 faizi atəşkəsin pozulması ilə bağlı xəbərlərdir. İkinci diqqətdə olan mövzu Xocalı soyqırımının tanınması və bu faciə ilə bağlı tədbirlərin işıqlandırılmasıdır. Mətbuatda getmiş məqalələrin 20 faizi məhz bu mövzudadır. Üçüncü nəzərəçarpacaq meyl isə Dağlıq Qarabağ münaqişəsinin adının Krımda baş verən hadisələr kontekstində çəkilməsidir (13,0 faiz). Materialların 12 faizi ATƏT-in Minsk qrupu və digər qurumların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətinə həsr olunmuşdur. Digər mövzular isə 18 faiz təşkil edir.
Dağlıq Qarabağ münaqişəsinin medianın diqqət mərkəzində saxlanılmasının stimullaşdırılmasına hesablanmış layihə çərçivəsində monitorinq növbəti aylarda da davam etdiriləcəkdir.