ELM VƏ TƏHSİL
Lənkəran Peşə Liseyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı uğurla davam edir
Bakı, 19 noyabr, AZƏRTAC
Lənkəran Peşə Liseyinin Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu ilə əməkdaşlığı uğurla davam edir.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, institutun əməkdaşları liseydə kadr hazırlığına cəlb olunub. Tədris müddətində tələbələr institutun Lənkəran çay filialına məxsus 3 hektar sahədə sitrus bağlarının salınmasında yaxından iştirak ediblər. Həmçinin hazırda liseyin kənd təsərrüfatı məhsullarının istehsalı istiqaməti üzrə fermer, çay və sitrus ustası, bitkiçilik mütəxəssisi ixtisaslarında təhsil alan tələbələri istehsalat təlimi və təcrübələrini institutun istehsalat təcrübə bazasında keçirlər. Bundan əlavə, 2022-ci ilin yaz aylarında liseyin geniş profilli traktorçu-maşınçı ixtisasında təhsil alan tələblərinin kənd təsərrüfatı texnikalarında dərsləri də instituta məxsus sahələrdə aparılacaq.
Lənkəran Peşə Liseyinin kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer qrupunun məzunlarının bilik və təcrübələrinin yekun qiymətləndirilməsi də institutun Lənkəran çay filialında təşkil edilib. Məzunların bilik və bacarıqlarının yekun qiymətləndirilməsində institutun əməkdaşları və institutda ezamiyyətdə olan Belarus Milli Elmlər Akademiyasının Meyvəçilik İnstitutunun mütəxəssisi iştirak edib.
Qeyd edək ki, Lənkəran Peşə Liseyi və Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu arasında əməkdaşlıq 2019-cu ildə kənd təsərrüfatı, xüsusən çayçılıq və sitrus meyvəçiliyi istiqamətində birgə kadr hazırlığı məqsədilə bağlanmış müqaviləyə əsasən həyata keçirilir. Əməkdaşlığın sözügedən sahədə inkişaf etdirilməsi və yüksək nəticə göstərən məzunların Elmi-Tədqiqat İnstitutunun filiallarında işlə təmin olunması nəzərdə tutulub.