CƏMİYYƏT
Lerikdə nöqsanlar aşkarlanan ictimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb
Bakı, 28 iyul, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi qida təhlükəsizliyinin təmin edilməsi və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, daxil olan vətəndaş müraciəti əsasında Lerik rayonunun Nizami küçəsində fiziki şəxs Bağırov Raqib Rəhim oğluna məxsus ictimai iaşə müəssisəsində yoxlama aparılıb.
Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib. Mətbəxdə qida məhsullarının hazırlanması və emalı üçün gigiyenik cəhətdən uyğun şəraitin olmadığı, döşəmə və divarların asan yuyula bilən materialla üzlənmədiyi, tullantı qablarının qapağının açıq şəkildə saxlanıldığı, qida məhsullarının hazırlanması üçün içməli su ilə təmin edilmədiyi, temperatur rejiminin gözlənilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrə qoruyucu tor vurulmadığı, həmçinin mütəmadi dezinfeksiya işlərinin aparılmadığı, işçi heyətin dövri tibbi müayinədən keçmədiyi məlum olub.
Aşkar olunmuş nöqsanlarla bağlı müvafiq tədbirlər görülüb, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.