SİYASƏT
Levan İzoria: Gürcüstan beynəlxalq və regional əməkdaşlığa böyük önəm verir
Tbilisi, 22 mart, AZƏRTAC
Martın 22-də Gürcüstanın Müdafiə Nazirliyində bu ölkədəki “Hərbi Attaşelər Assosiasiyası”nın üzvləri ilə görüş keçirilib.
Gürcüstanın Müdafiə Nazirliyindən bildirilib ki, nazir Levan İzoria ölkənin Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, Gürcüstan hərbçilərinin beynəlxalq sülhyaratma əməliyyatlarında iştirakı, NATO-ya inteqrasiya, beynəlxalq və regional əməkdaşlıq məsələləri barədə ətraflı məlumat verib, nazirliyin ötən ildəki fəaliyyəti və yeni iş planı barədə danışıb.
Nazir bildirib ki, Gürcüstan Avropa İttifaqına və NATO-ya inteqrasiya edir. Silahlı Qüvvələrdə islahatların aparılması, NATO standartlarına uyğunlaşdırılması yeni fəaliyyət planında prioritetdir.
Görüşdə yeni Strateji Müdafiə İcmalı və fəaliyyətin əsas strateji istiqamətləri barədə məsələlər də diqqət mərkəzində olub.
Bildirilib ki, “2017-2020-ci illər üçün Strateji İcmal” nazirliyin fəaliyyətində, eləcə də NATO-ya inteqrasiyada əsas rəhbər sənəd olacaq.
L.İzoria ölkəsinin müdafiə və təhlükəsizlik sahəsində beynəlxalq və regional əməkdaşlığa, eləcə də ikitərəfli əməkdaşlıq məsələlərinə böyük önəm verdiyini xüsusi qeyd edib.
Azərbaycanın bu ölkədəki səfirliyinin hərbi attaşe aparatının rəhbəri Fuad İbrahimov görüşdə iştirak edib.
Hərbi Attaşelər Assosiasiyasına 24 ölkə, o cümlədən də Azərbaycan daxildir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi