İDMAN
LİTVADA TƏLİM-MƏŞQ KEÇƏN “QALA” BASKETBOL KOMANDASI BEYNƏLXALQ TURNİRİN KUBOKUNA DA SAHİB OLMUŞDUR
Sentyabrın 8-də Litvada təlim-məşq toplanışında olan “Qala” Azərbaycan çempionatına və Avropa Çağırış Kuboku uğrunda yarışlara hazırlıq məqsədi ilə Klaypeda şəhərində keçirilən beynəlxalq turnirdə iştirak etmiş, yarışların yarımfinal mərhələsində Latviyanın “Livu alus” komandasını 93:92 hesabı ilə məğlub edərək finala çıxmışdır. Azərbaycan çempionu bu mərhələdə Litva çempionatının favoriti sayılan “Nafta-Uni-Laivite” klubuna 90:88 hesabı ilə qalib gələrək, turnirin kubokuna sahib olmuşdur. “Qala”nın oyunçusu Darüs Lukminas turnirin ən peşəkar basketbolçusu adına layiq görülmüşdür.
Komanda yerli klublarla bir neçə yoldaşlıq görüşündə də gücünü sınamış, “Şilute”yə (90:72), “Neptunas”a (90:78), “Nevejis”ə (87:83) qalib gəlmişdir.
Oktyabrın 24-dək davam edəcək təlim-məşqlərdən sonra komanda Ukraynaya yola düşəcək və ayın 26-da Avropa Çağırış Kuboku uğrunda yerli “Ximik” klubu ilə ilk görüşünü keçirəcəkdir. Komandamızın sonrakı oyunları isə noyabrın 3-də Bakıda Rusiyanın “Ural Qreyt” və noyabrın 17-də “Ximik” klubları ilə, noyabrın 24-də isə Rusiyanın Perm şəhərində yerli “Ural Qreyt” komandası ilə olacaqdır.