İQTİSADİYYAT
M1 magistralının 16-30-cu kilometrlik hissəsində təmir-bərpa işləri davam edir
Bakı, 22 iyun, AZƏRTAC
Avtomobil yollarının təmiri və tikintisi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq, Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-cı kilometrindən (VAZ dairəsi) 30-cu kilometrinədək (Sumqayıt) olan (M1 magistralı) 14 kilometrlik hissəsində təmir-bərpa işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, hazırda yenidənqurma işləri sözügedən yolun 22-23-cü kilometrlik hissəsində aparılır.
Təmir-tikinti işlərinin aparıldığı hissədə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılıb. Məhdudlaşma tətbiq edilən ərazilərdə hərəkət əks istiqamətdə ikitərəfli olaraq təmin olunur.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və təmir-tikinti aparılan ərazilərdə quraşdırılan müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunur.