DÜNYA
Macarıstanın “Pakş” atom elektrik stansiyası ilə bağlı daha bir spesifik risk faktoru meydana çıxıb
Budapeşt, 3 sentyabr, AZƏRTAC
Bu günlərdə Macarıstan KİV-lərində müzakirə obyekti olan “Pakş” atom elektrik stansiyası ilə bağlı daha bir spesifik risk faktoru meydana çıxıb.
“Yaşıllar”ın nümayəndəsi, Avropa Parlamentinin keçmiş deputatı Benedek Yavor bu günlərdə nümayiş etdirib ki, avqust ayında Dunayın səviyyəsinin ekstremal şəkildə azaldığı dövrdə AES-dən aşağı sahədə çay sularının temperaturunun ölçülməsi zamanı manipulyasiya faktlarına yol verilib. Bu addım həmin temperatur göstəricisini icazə verilmiş 30 dərəcə həddində limitdən aşağı göstərmək və bununla da enerji bloklarının dayandırılmasının qarşısını almaq məqsədi ilə atılıb.
AZƏRTAC bu barədə məlumatı Benedek Yavorun “Twitter”dəki məlumatına istinadla yayıb.
Gözlənildiyinə görə, belə hava şəraiti sonrakı illərdə də tez-tez yaranacaq. Odur ki, stansiyanın normal fəaliyyət göstərməsi üçün ya xüsusi əlavə qurğular inşa olunmalı, ya da Dunayda suyun səviyyəsi hansısa şəkildə qaldırılmalıdır.
Hər iki variant AES-in genişləndirilməsi layihəsinə böyük xərclər yatırılmasını və onun reallaşması müddətinin uzadılmasını nəzərdə tutur. Qanunvericiliyə düzəlişlər etmək zərurəti də ortaya çıxır. Bundan əlavə, mühafizə olunan təbiət ərazilərinin yaxınlıqda yerləşməsinə və qrunt suları səviyyəsinin yüksəlməsi təhlükəsinə görə Dunayda suyun səviyyəsinin qalxması ciddi ekoloji nəticələrə gətirib çıxara bilər. Onu da nəzərə almaq lazımdır ki, bərpa olunan enerji mənbələri getdikcə daha əlçatan və ucuz olur və ABŞ Macarıstanın başqa ölkələrdən enerji asılılığını azaltmaq üçün mümkün olan hər şey edəcək. Macarıstan hökumətinin bəzi addımları, o cümlədən qaz satınalmaları sahəsində atdığı addımlar məhz bu məqsədə yönəlib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt