RƏSMİ XRONİKA
MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN “TELEMEXANİKA” ZAVODU İLƏ TANIŞLIQ
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə ulu öndər Heydər Əliyevin zavodun həyətindəki büstü önünə gül dəstələri qoydular.
Sonra dövlətimizin başçısı zavodda yaradılmış Heydər Əliyev muzeyinə baxdı. Muzeydə ümummilli liderin həyat və fəaliyyətinin müxtəlif dövrlərini, xüsusilə ordu quruculuğuna göstərdiyi diqqət və qayğını əks etdirən, həmçinin Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlı maraqlı fotoşəkillər toplanmışdır.
Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazdı:
“Azərbaycan müdafiə sənayesinin yaradılması üçün lazımi tədbirlər görülür. Qısa müddətdə ölkəmizin hərbi gücünü artıran müəssisələr yaradılır. 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə müasir müdafiə sənayesinin sənaye bazası yaradılmışdır. O illərdə tikilən hərbi zavodlar indi təmir olunur, yenidən qurulur və işğal altında olan torpaqlarımızı erməni qəsbkarlarından azad etmək üçün lazımi şərait yaradılır.
Azərbaycan hərbi sənayesinə yeni uğurlar arzulayıram.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
24.12.2007-ci il”.
Sonra dövlətimizin başçısı zavodun dünəni və bu gününü əks etdirən filmə baxdı.
Məlumat verildi ki, tamamilə yenidən qurulmuş zavod ən müasir texnoloji avadanlıqla təmin edilmişdir.