SİYASƏT
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib
Naxçıvan, 3 may, AZƏRTAC
Mayın 3-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov və Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov tədbirdə iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının işə başlaması münasibətilə bütün iştirakçıları təbrik edib, şahmatçıları və qonaqları salamlayaraq deyib: Gənclərin intellektual və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Hər il Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalı və digər şahmat yarışları şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Biz xüsusilə Beynəlxalq Şahmat Festivalının işinə mühüm əhəmiyyət veririk. Bu mötəbər və ənənəvi yarışa göstərilən böyük maraq, iştirakçı zəka sahiblərinin sayının hər il artması haqlı olaraq Naxçıvanı özünəməxsus şahmat mərkəzinə çevirmişdir.
Ali Məclisin Sədri dəvəti qəbul edib “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında iştirak etdiklərinə görə şahmatçılara və qonaqlara təşəkkürünü bildirib, yarışların sağlam rəqabət və idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edib, şahmatçılara qələbə arzulayıb və festivalı açıq elan edib.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov çıxış edərək deyib: Azərbaycanda şahmatın qədim tarixi və ənənələri vardır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına böyük qayğı göstərib. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev də davam etdirir. Cənab İlham Əliyevin Sərəncamı ilə dünyada ilk dəfə olaraq Azərbaycanda şahmatın inkişafı ilə bağlı xüsusi Dövlət Proqramının qəbul edilərək həyata keçirilməsi Beynəlxalq Şahmat Federasiyasına üzv olan ölkələr üçün nümunədir. Bütün bunların nəticəsidir ki, 2016-cı ildə Bakı şəhərində keçirilən, 2 mindən artıq reytinqli şahmatçının iştirak etdiyi Ümumdünya Şahmat Olimpiadası Beynəlxalq Şahmat Federasiyasının tarixində ən yaddaqalan olimpiada oldu. Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafı sahəsində görülən işlər, xüsusilə ümumtəhsil məktəblərində şahmatın tədris olunması, istedadlı şahmatçıların yetişdirilməsi Naxçıvan şahmat məktəbini ümumdünya şahmat ailəsinin nümunəvi üzvünə çevirib.
Kirsan İlümjinov şahmatın inkişafına göstərdiyi qayğıya və yaradılan şəraitə görə Beynəlxalq Şahmat Federasiyası adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Sonra Kirsan İlümjinov Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədri Vüqar Səfərova “Beynəlxalq təşkilatçı”, şahmat üzrə məşqçi-müəllim Toğrul Həsənzadəyə isə “Beynəlxalq usta” diplom və döş nişanlarını təqdim edib.
Azərbaycan Respublikası gənclər və idman naziri Azad Rəhimov çıxış edərək deyib ki, bu gün ölkə Prezidenti İlham Əliyev idmanın inkişafına xüsusi diqqət yetirir. Azərbaycanda hər il beynəlxalq idman yarışları keçirilir. Bu il də ölkəmizdə mötəbər idman yarışları, xüsusilə IV İslam Həmrəyliyi Oyunları keçiriləcəkdir. İdmanın inkişafı sahəsində görülən işlər şahmatı da əhatə edib. Keçirilən şahmat yarışlarının, xüsusilə beynəlxalq şahmat olimpiadasının yüksək səviyyədə təşkil olunması, azərbaycanlı şahmatçıların yarışlarda uğurlu çıxışı bunu bir daha təsdiq etdi. Hər il Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalının keçirilməsi və festivalda reytinqli şahmatçıların iştirakı yarışların əhəmiyyətini daha da artırır.
Tədbirdə çıxış edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə şahmatın inkişafına və kütləviliyinin təmin olunmasına xüsusi diqqət yetirilir. Artıq Azərbaycan dünyada həm də şahmatın inkişaf etdiyi ölkə kimi tanınır. Naxçıvan Muxtar Respublikasında da şahmatın inkişafı sahəsində görülən işlər, müasir maddi-texniki və tədris bazasının yaradılması, gənclərin idmanın bu növünə marağının ilbəil artması və istedadlı şahmatçıların yetişməsi böyük məmnunluq doğurur.
Beynəlxalq dərəcəli hakim, şahmat festivalının baş hakimi Faiq Həsənov Naxçıvanda şahmat üzrə beynəlxalq yarışların uğurla keçirildiyini bildirib, “Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalının əhəmiyyətindən danışıb.
Sonra şahmat festivalının püşkü atılıb.
“Naxçıvan-2017” Beynəlxalq Şahmat Festivalında 10 ölkədən 300-dən artıq şahmatçı iştirak edir. İsveçrə sistemi üzrə keçiriləcək festivalda iştirak edən şahmatçılar arasında 16 beynəlxalq qrossmeyster və 17 beynəlxalq şahmat ustası var.
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının kollektivi konsert proqramı ilə çıxış edib.