REGİONLAR
Naxçıvan şəhərində yeni avtomat telefon stansiyaları quraşdırılır
Naxçıvan, 30 oktyabr, AZƏRTAC
Muxtar respublikanın sosial-iqtisadi inkişafı fonunda yeni inşa edilən fərdi yaşayış evlərinin artımı yeni abonentlərin rabitə və internet xidmətləri ilə əhatə olunmasını aktual edir. Əhalinin rabitə xidmətlərinə olan tələbatının ödənilməsi məqsədilə yeni nəsil avadanlıqlar quraşdırılır.
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, sakinlərin müraciətləri nəzərə alınaraq ilkin olaraq Naxçıvan şəhərinin bir sıra yaşayış məntəqələrində abonentlərin keyfiyyətli rabitə xidmətlərindən istifadə etmələri üçün yeni avtomat telefon stansiyaları quraşdırılır, həmçinin bir sıra yerlərdə aztutumlu stansiyalar yüksək montaj tutumuna malik yeni nəsil avtomat telefon stansiyaları ilə dəyişdirilir.
Əhalinin müasir rabitə xidmətlərinə olan tələbatını nəzərə alaraq 928 nömrə tutumuna malik 2 elektron avtomat telefon stansiyası İstiqlal küçəsində və Heydər Əliyev prospektində quraşdırılaraq istismara verilib. Xətai məhəlləsində mövcud olan 320 montaj tutumlu avtomat telefon stansiyası 544 montaj tutumuna malik yeni nəsil stansiya ilə dəyişdirilib, 576 və 544 montaj tutumuna malik 2 avtomat telefon stansiyası isə quraşdırılaraq sakinlərin istifadəsinə verilib. Bu da nəticə etibarilə istifadəçi sayının artmasına və sakinlərin çoxçeşidli xidmətlərdən istifadəsinə zəmin yaradacaq.
Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında bu tədbirlərin bundan sonra da davam etdirilməsi planlaşdırılıb.
Qeyd edək ki, NGN texnologiyası əsasında quraşdırılan avtomat telefon stansiyaları strukturuna görə daha sadə və səmərəli şəbəkə konfiqurasiyasına malik ən müasir telekommunikasiya sistemi olub, istifadəçilərə telefon rabitəsi ilə yanaşı, multimedia xidmətləri, yüksəksürətli internet, videogörüntülü rabitə və çoxlu sayda servis xidmətləri təqdim edir.