REGİONLAR
Naxçıvanda şəhid və qazi ailələri üçün keçirilən tibbi aksiyalar davam edir
Naxçıvan, 1 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublika Xəstəxanasının həkim və tibb işçiləri şəhid ailələrinin və qazilərin tibbi müayinəsini və cərrahi əməliyyatlarını davam etdirir. Növbəti aksiya Naxçıvan şəhərində olub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, xəstəxanada tibb müəssisəsinin tam heyəti - həkim və tibb işçilərinin iştirakı ilə keçirilən aksiyada əvvəlcə şəhid ailələri üçün çay süfrəsi təşkil olunub. Bildirilib ki, xalqımıza Qələbəni yaşadan qazi və şəhidlərimizin xatirəsi daim əziz tutulur, onların ailə üzvlərinin sağlamlıqları diqqət mərkəzində saxlanılır. Bu məqsədlə mütəmadi olaraq yerlərdə şəhid ailələri ilə görüşləri təşkil olunur, onlara lazımi tibbi xidmətlər göstərilir.
Gün ərzində davam edən tibbi aksiyada 18 şəhid ailəsinin 65 üzvü 420-dən çox tibbi prosedurdan keçirilib, laborator təhlillər, rentgen, elektrokardioqrafiya, ultrasəs müayinələri aparılıb, müvafiq təyinatlar verilib. Müayinələrin aparılmasında uroloq, lor, oftalmoloq, terapevt, endokrinoloq, nevropatoloq, fizioterapiya, laborant və xəstəxananın digər ixtisasları üzrə həkimləri iştirak ediblər. Bir xəstənin diş protezi üçün ölçüsü alınıb, bir xəstənin öd əməliyyatı xəstəxana hesabına təmənnasız icra edilib, bir xəstə eynəklə təmin olunub, bir yataq xəstəsi isə xəstəxananın həkim nəzarətinə götürülüb. Tibbi proseduradan keçən şəhid ailə üzvləri lazım olan bütün dərmanlarla xəstəxana hesabına ödənişsiz təmin edilib.
Qeyd edək ki, aksiyaya əvvəlcədən hazırlıq işləri görülüb, müayinə və müalicə olunacaq pasiyentlərin qeydiyyatı aparılıb.