DÜNYA
“Nordstrim-2”: Bundestaqın yeni intriqası
Berlin, 15 noyabr, AZƏRTAC
Rusiyanın “Qazprom” dövlət konserninin törəmə müəssisəsi olan “Nordstrim-2” Avropanın ən iri enerji layihələrindən birinin icrasını - RF-dən Avropa İttifaqına “Şimal axını-2” qaz magistralının tikintisini başa çatdırır. Bununla əlaqədar olaraq, Rusiyanın energetika nəhənginin Avropa İttifaqı ərazisində fəaliyyətinin hüququ baxımdan rəsmiləşdirilməsi məsələsi Avropa siyasətinin gündəminə qayıdır.
AZƏRTAC xəbər verir ki, bu həftə Almaniya parlamenti Aİ-nin Qaz Direktivi deyilən sənədinin müəyyən dəyişikliklərlə Almaniyanın ümumi qanunvericiliyinə implementasiya edilməsinə səs verib. Məsələ bundadır ki, “Aİ-nin üçüncü enerji paketi”nə müvafiq olaraq, Aİ ərazisində qaz kəmərləri qaz hasilatçılarına və satıcılarına məxsus olmamalıdır. Brüsselin qaydalarına görə, boruların sahibləri müstəqil şirkətlər olmalıdır. Onların Avropanın qazla təchizində iştirakı bazarın bir əldə cəmləşməsinin qarşısını almalı və müəyyən mənada bazarı liberallaşdırmalıdır. Bu, Direktiv müəlliflərinin dilində "undanbling", yəni aktivlərin bölünməsi adlanır.
Avropa Komissiyası bu ilin əvvəlində bazarın demonopolizasiyanı üçüncü ölkələrdən dəniz yolu ilə Avropa İttifaqı ərazisinə çəkilən qaz kəmərlərinə də şamil etmək barədə qərar qəbul edib. Hazırda yeni qaydanın yalnız bir qaz kəmərinə şamil olunduğu nəzərə alınsa, müşahidəçilərdə haqlı olaraq belə bir şübhə yaranır ki, qəbul edilmiş direktiv məxsusi olaraq Avropanın “Şimal aıxını-2”dən asılılığının qarşısının alınmasına yönəldilib.
Direktivə əsasən, bütün ölkələr öz milli qanunvericiliklərini qəbul edilmiş qaydalara uyğunlaşdırmalıdırlar. Buna görə də Almaniya hamıdan çox narahat olub, çünki “Şimal axını-2” dənizin dibi ilə məhz bu ölkənin ərazisinə çəkilir.
Yuxarıda qeyd etdiyimiz ki, Bundestaq bu həftə həmin sənədin qəbul edilməsinə səs verib, lakin tənzimləyiciyə qaz kəmərini Aİ-nin Qaz direktivinin tələblərinin yerinə yetirilməsindən azad etmək imkanı verən dörd şərtdən birini qəbul etməyib. Qəbul edilməmiş şərt tikintisi 2019-cu il mayın 23-nə qədər başa çatmış boru kəmərlərinə şamil olunub.
Bundestaq tərəfindən qəbul edilmiş `variantda üç şərt var: “2019-cu il may 23-ü” şərti isə silinib. İntriqa da elə bundan ibarətdir. Avropa Komissiyası Bundestaqın bu özbaşınalığına necə reaksiya verəcək. Bu məsələ tezliklə aydın olacaq.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin