MƏDƏNİYYƏT
Nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və nazirlər Bakı Forumunda iştirak edəcəklər
Bakı, 15 may, AZƏRTAC
Xəbər verdiyimiz kimi, mayın 18-19-da Bakıda “Müştərək təhlükəsizlik üçün mədəniyyətləri paylaşaq” devizi ilə Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək. Nüfuzlu beynəlxalq təşkilatların rəhbərləri və müxtəlif ölkələrin nazirləri bu Forumda iştirak edəcəklər.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İyad bin Amin Mədəni, ISESCO-nun Baş katibi Əbdüləziz Osman Əl-Tüveycri, Bolqarıstanın vitse-prezidenti Marqarita Popova, turizm naziri Nikolina Anjelkova, mədəniyyət naziri Vecdi Rəşidov, Qətərin informasiya və mədəniyyət naziri Həməd Bin Əbdüləziz Əl-Kuvari, Litvanın mədəniyyət naziri Sarunas Birutis, Belarusun mədəniyyət naziri Boris Svetlov, Gürcüstanın mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Giorqadze Forumda iştirak etmək üçün Bakıya gələcəklər.
Dövlətimizin başçısının “Azərbaycan Respublikasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili barədə” 2011-ci il 27 may tarixli Fərmanı ilə Forumun iki ildən bir keçirilməsi qərara alınıb və Mədəniyyət və Turizm Nazirliyi tədbirin əlaqələndirici qurumu müəyyən edilib.
Builki Forumun kifayət qədər maraqlı proqramı var və mədəniyyətlərarası dialoqun bütün sahələrdə inkişaf tendensiyaları, dünyada müasir qlobal çağırışlar, dini-ideoloji qarşıdurmalar, mədəni və sosial transformasiyalar fonunda bəşəri dəyərlərin qorunması üçün məşhur şəxsiyyətlər, siyasətçilər, dövlət xadimləri, elm adamları arasında müzakirələr təşkil olunacaq. Forum çərçivəsində mədəni hüquqlar, ekstremizmə qarşı mübarizədə dini plüralizm və dəyərlərin qorunması, beynəlxalq təşkilatların mədəniyyətlərarası dialoqun qurulmasında rolu və əməkdaşlığı üzrə plenar sessiyalar, təhsilin, gənclərin, incəsənətin, turizmin mədəniyyətlərin yaxınlaşmasında və dialoqda roluna həsr ediləcək müxtəlif işçi sessiyalar keçiriləcək. Həmçinin, mədəniyyət paytaxtlarının dialoqu görüşü, mədəniyyət və turizm nazirlərinin İkinci Ümumdünya Konfransı, ilk dəfə UNESCO-nun mədəniyyət və dinlərarası dialoq üzrə kafedra rəhbərlərinin ümumi toplantısı, mədəniyyətlərin yaxınlaşması sərgisi və digər tədbirlər keçiriləcək.