REGİONLAR
Oğuzda 17 min hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır
Oğuz, 18 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Oğuz rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün payızlıq dənli bitkilərin səpininə ciddi hazırlıq işləri görülür. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır. Əkin sahələrinin 12,5 min hektarına buğda, 4,5 min hektarına isə arpa səpiləcək. Payızlıq dənlilərin səpini üçün bu günədək təsərrüfatlarda 9 min 820 hektar sahədə şum qaldırılıb və hazırda bu iş davam etdirilir.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzinin direktor müavini Akif Adıgözəlov məlumat verib.
Bildirilib ki, səpin üçün 4,1 min ton toxum fondu tələb olunur. Rayonda fəaliyyət göstərən 6 toxumçuluq təsərrüfatı tərəfindən indiyədək min tonadək yüksək reproduksiyalı toxum fondu ayrılıb. Ayrılmış buğda və arpa toxumu təmizlənərək dərmanlanıb və səpinə hazır vəziyyətə gətirilib. Bundan əlavə, fermerlər səpin üçün lazım olan toxumu digər toxumçuluq təsərrüfatlarından da ala biləcəklər.
Direktor müavini bildirib ki, kampaniyada iştirak edəcək traktor və toxumsəpən aqreqatlar təmir olunaraq saz vəziyyətə gətirilib. Payızlıq dənlilərin səpininə oktyabrın əvvəlində başlamaq nəzərdə tutulur.
Xatırladaq ki, builki mövsümdə rayonda 16 min 453 hektar sahənin məhsulu biçilib, 53 min 576 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,6 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 3 min tondan çox artıb.