İQTİSADİYYAT
Ötən həftə yol infrastrukturu ilə bağlı görülən işlər açıqlanıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən son həftə ərzində görülən işlər barədə açıqlama verilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, bu müddət ərzində Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun tikintisinə başlanılıb və Prezident İlham Əliyev Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işlərinin gedişi ilə tanış olub.
Həmçinin qeyd olunub ki, Susay-Xınalıq avtomobil yolunun tikintisi davam etdirilir, Şabran rayonunda Padar avtomobil yolu əsaslı şəkildə yenidən qurulub, Lerik-Kəlvəz yolu qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin olunub, Nəsimi rayonunda Alı Mustafayev küçəsinin bir hissəsi təmir edilir, Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb və M1 magistralının 16-30-cu kilometrlik hissəsində aparılan təmir işləri artıq yekunlaşır.