İQTİSADİYYAT
Paytaxtın Nərimanov rayonunda Ağa Nemətulla küçəsinin təmirinə başlanılıb
Bakı, 14 oktyabr, AZƏRTAC
Bu ilin İnvestisiya Proqramına uyğun olaraq, paytaxtın Nərimanov rayonu ərazisində 1800 metr uzunluğa malik Ağa Nemətulla küçəsinin əsaslı təmiri işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, hazırda küçənin Mirzə Uluqbəy küçəsi və Heydər Əliyev prospektləri arasında yerləşən hissəsi təmir edilir. Növbəti mərhələdə Heydər Əliyev prospektindən Montin qəsəbəsinə doğru olan hissəsində təmir işlərinin aparılması nəzərdə tutulur.
Uzunluğu 1,8 kilometr təşkil edən küçənin uzun müddət təmir olunmaması hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Başlanılan təmir işləri bu problemi aradan qaldırmağa yönəlib.
Hazırda küçəboyu köhnə səki daşlarının söküntüsü işləri aparılır. Daha sonra küçənin köhnə örtüyü sökülərək yeni asfalt-beton örtüklə əvəz ediləcək, mövcud piyada səkiləri bərpa olunacaq, xüsusi parkinq yerləri yaradılacaq.
Layihə çərçivəsində səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sisteminin bərpa olunması, yeni yağış barmaqlıqlarının quraşdırılması, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması da nəzərdə tutulub.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nərimanov rayonu ərazisində ilin sonuna qədər 10,4 kilometr uzunluğa malik 16 küçənin təmiri nəzərdə tutulur ki, onların böyük bir hissəsində təmir işləri artıq yekunlaşdırılıb.
Qeyd olunub ki, 2019-2020-ci illər ərzində Nərimanov rayonu ərazisində uzunluğu 20 kilometrdən çox küçə və yol təmir edilib.