RƏSMİ XRONİKA
PREZİDENT SARAYINDA RƏSMİ QARŞILANMA
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Prezident sarayında Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün rəsmi qarşılanma mərasimi olmuşdur.
Rəsmi qarşılanma mərasimlərinin keçirildiyi və hər iki dost ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə raport verdi.
Azərbaycan dövlətinin başçısı İlham Əliyev Türkiyə Prezidenti Abdullah Gülü səmimiyyətlə qarşıladı.
Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verdi.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamladı.
Azərbaycan dövləti və hökumətinin rəsmi şəxsləri Türkiyə Prezidenti Abdullah Gülə, Türkiyə nümayəndə heyətinin üzvləri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edildi.
Dövlət başçıları Prezident sarayında xatirə şəkli çəkdirdilər.