RƏSMİ XRONİKA
PROFESSOR MURTUZ ƏLƏSGƏROVA
Hörmətli Murtuz Ələsgərov!
Sizi - Azərbaycanda hüquq elminin inkişafında mühüm xidmətləri olan alim və tanınmış ictimai-siyasi xadimi 80 illik yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzulayıram. Siz ölkəmizdə hüquq elmləri sahəsində qiymətli araşdırmaları ilə nüfuz qazanmış alimlərimizdənsiniz. Uzun illər ərzində Bakı Dövlət Universitetinin professoru və rektoru kimi göstərdiyiniz fəaliyyət səmərəli olmuşdur. Bu gün Azərbaycanın inkişafı və daha da çiçəklənməsi naminə çalışan yetirmələrinizlə Siz haqlı olaraq fəxr edə bilərsiniz.
Sizin Azərbaycan Respublikası Milli Məclisinin sədri seçilməyiniz suveren dövlətçiliyimizin hüquqi bazasının möhkəm təməllər üzərində qurulması ilə bir vaxta düşür. Ölkəmizdə parlament ənənələrinin formalaşmasında Siz böyük xidmətlər göstərmiş və hüquqi dövlət quruculuğu işinə layiqli töhfələr vermisiniz. Müstəqil Azərbaycan Respublikasının ali mükafatı - “İstiqlal” ordeni ilə təltif edilməyiniz Vətən qarşısında xidmətlərinizin təsdiqidir.
Ümidvaram ki, Siz bundan sonra da özünüzə xas olan müdrikliklə respublikamızda hüquq elminin, təhsilinin və parlamentarizmin inkişafı naminə səy və bacarığınızı sərf edəcəksiniz.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 sentyabr 2008-ci il.