SİYASƏT
Pyotr Luçinski: Heydər Əliyev sarsılmaz iradəli insan idi - MÜSAHİBƏ
Kişineu, 16 dekabr, AZƏRTAC
Heydər Əliyevin sözlərinə çox ciddi əməl edirdilər. Mən onu yaxından tanıdığıma görə çox fəxr edirəm.
Moldovanın keçmiş Prezidenti Pyotr Luçinski bu sözləri AZƏRTAC-a müsahibəsində söyləyib.
-Pyotr Kirilloviç, ilk növbədə sağ olun ki, müsahibə verməyə razılaşdınız. Heydər Əliyevlə necə tanış olmağınız barədə danışaydınız...
-Heydər Əliyevlə mən 1970-ci illərin əvvəlində Bakıda keçirilən bir gənclik tədbirində iştirak edərkən tanış olmuşam. Bir neçə ildən sonra faşizm üzərində Qələbənin 30 illiyi qeyd edilirdi. Rumıniyanın azad edilməsinin 30 illik bayramında iştirak etmək üçün Siyasi Büronun qərarına əsasən nümayəndə heyəti yaradılmışdı. Həmin nümayəndə heyətinin rəhbəri Aleksey Nikolayeviç Kosıgin idi, nümayəndə heyətinin tərkibinə isə Heydər Əliyev, Sovet Ordusu Baş Siyasi İdarəsinin rəisi Aleksey Yepişev və mən daxil idim. Ay yarımdan sonra Heydər Əliyev Moldovaya, respublikanın 50 illiyi ilə əlaqədar bayram şənliklərinə gəlmişdi, mən də onun bu respublikada olmasına cavabdeh idim. O vaxtdan aramızda yaranmış dostluq münasibətləri onun həyatının sonuna qədər davam etdi.
-Heydər Əliyevi necə xatırlayırsınız?
-Mən onunla çox görüşlərdə iştirak etmişəm və istər Sovet dövründə, istərsə də bizim respublikalar artıq müstəqil dövlətlər olan vaxtda Heydər Əliyevə necə münasibət bəsləndiyini görmüşəm. Həm Yeltsinin, həm də Putinin dövründə MDB ölkələrinin dövlət rəhbərləri bir yerə toplaşanda həmişə çıxış üçün ilk söz Heydər Əliyevə verilirdi və onun fikrinə necə diqqət yetirildiyini görürdüm. O, həqiqətən ağsaqqal idi, çünki zəngin təcrübəyə malik, olduqca dərin mühakiməli adam idi, hadisələri və prosesləri sakit və düzgün qiymətləndirirdi. Heydər Əliyevin sözlərinə çox ciddi əməl edirdilər. Onu yaxından tanıdığıma görə çox fəxr edirəm. Mən Moskvada işləyəndə tez-tez Azərbaycanda olurdum və hər dəfə onunla görüşürdüm.
- Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün dünya siyasətinə töhfəsini necə qiymətləndirirsiniz?
- Heydər Əliyev sarsılmaz iradəli insan idi. Məsul qərarlar qəbul etməli olduğu müxtəlif vəziyyətlərdə bu keyfiyyətlərini dəfələrlə göstərirdi, tale onun imkanlarını, öz xalqının inkişafına töhfəsini qiymətləndirir, eyni zamanda, onu böyük sınaqlara məruz qoyurdu. Heydər Əliyevin Moskva üçün “artıq adam” olduğu dövr yadımızdadır. O vaxt mən Azərbaycana gəlmişdim, Heydər Əliyevlə görüşüb dörd saat söhbət etdik və o, bütün bu hadisələrin necə baş verməsi, Naxçıvana necə gəlməsi barədə danışdı. Bir müddətdən sonra Azərbaycan cəmiyyəti onu respublika rəhbərliyinə qaytarmağın zəruri olduğunu dərk etdi və ölkənin sonrakı inkişafı onun adı ilə bağlıdır. Bu gün, onun ilk dəfə respublika rəhbərliyinə gəlişindən yarım əsrdən çox keçəndən sonra Azərbaycan Heydər Əliyevin ideyaları və onun fəaliyyəti işığında inkişaf edir. Tale elə gətirib ki, Heydər Əliyevin bütün təşəbbüsləri onun oğlu, Azərbaycanın indiki Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Qeyd etməliyəm ki, məhz bu varislik də ölkənin xeyrinə olub: hazırda Azərbaycan təkcə regionda deyil, bütün dünyada nüfuz sahibi olan ölkədir. Bunu demək kifayətdir ki, bu gün Bakı çoxsaylı beynəlxalq hadisələrin mərkəzidir. Məsələn, mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvüyəm və biz hər il Azərbaycanın paytaxtında görüşürük. Bu görüşlərdə dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqlar iştirak edir. Təkrar edirəm, son əlli ildə baş vermiş hadisələri nəzərə alsaq, siyasətdə bu cür varisliyin faydalı olduğunu vurğulamaq lazımdır. Bu halda siyasət özü xalqın, məhsuldar qüvvələrin, iqtisadiyyatın, mədəniyyətin inkişafına yönəlmiş olur və Azərbaycan buna ən yaxşı əyani sübutdur. Ona görə də Heydər Əliyevin adı gələndə mənim nəzərimdə həmişə böyük bir müdrikliklə assosiasiya yaranır, o həmişə hərtərəfli düşünülmüş qərarlar qəbul edirdi. Heydər Əliyevə dünya səviyyəsində ehtiram bəsləyirlər. Mən bunu təkcə öz regionumuz, Moldova barədə demirəm, bunu Rumıniya, Ukrayna və bir çox başqa ölkələrin nümunəsində görmüşəm: Heydər Əliyevi həmişə ən xoş sözlərlə yad edirlər. Azərbaycan Heydər Əliyevin siyasi kursunu davam etdirməklə elə uğurlar qazanıb ki, son nəticədə Azərbaycan üçün ən ağrılı və uzun illər boyu davam etmiş problem – ölkənin ərazi bütövlüyü məsələsi öz həllinin yekun mərhələsinə çatıb.
Mən əminəm ki, Heydər Əliyevin anadan olmasının qarşıdan gələn 100 illiyi təkcə Azərbaycanda qeyd edilməyəcək, o, əsl dövlət xadiminin, ölkə rəhbərinin etalonu, nümunəsi idi. Heydər Əliyev həmişə öz xalqı barədə, Azərbaycan haqqında düşünürdü və ölkəsinin firavanlaşması üçün onun gördüyü işlər əsrlər boyu bəhrəsini verəcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu