RƏSMİ XRONİKA
QAFQAZ MÜSƏLMANLARI İDARƏSİNDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Özbəkistan Prezidenti İslam Kərimov Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Özbəkistan Prezidenti dini liderlərin insanların milliyyətindən və dini etiqadından asılı olmayaraq, onların sıx birləşməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirdi. O, şeyxülislam Allahşükür Paşazadənin müxtəlif dinlər arasında dialoq və qarşılıqlı əlaqə üçün əlverişli şərait yaradılmasında böyük səy göstərdiyini bildirdi. Prezident İslam Kərimov vurğuladı ki, Qafqaz Müsəlmanları İdarəsinin Özbəkistanda dini təhsil almış rəhbərinə bu ölkədə böyük hörmət bəsləyirlər.
Özbəkistan dövlətinin başçısı Azərbaycana səfərinin gedişində Prezident İlham Əliyevlə apardığı danışıqları yüksək qiymətləndirdi və xüsusi vurğuladı ki, Heydər Əliyevin siyasətinin varisliyinin davam etdirilməsi dərin hörmətə layiqdir. Prezident İslam Kərimov dedi: “Heydər Əliyev öz vətəni üçün olduqca çox iş görmüşdür. O, Azərbaycan tarixində həmişəlik qalacaq şəxsiyyətdir”.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə bildirdi ki, Azərbaycanda Özbəkistanla əməkdaşlığın inkişaf etdirilməsini və onunla sıx əlaqələr yaradılmasını alqışlayırlar.
######