İQTİSADİYYAT
“Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçirilib
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də Azərbaycan Mərkəzi Bankı (AMB), AZPROMO, Bakı Fond Birjası (BFB) və “AzFinance” investisiya şirkəti tərəfindən xarici bazarlara daxil olmağa çalışan yerli şirkətlər üçün “Qiymətli kağızların buraxılışı və Fond Birjasında listinq” mövzularında onlayn təlim keçirilib.
BFB-dən AZƏRTAC-a bildirilib ki, təlimdə AMB, Bakı Fond Birjası və “AzFinance” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı ilə bağlı ümumi məlumat, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. Tədbirin əsas məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.
Qeyd edək ki, Bakı Fond Birjası əməkdaşlıq etdiyi investisiya şirkətləri və AZPROMO ilə birlikdə kapital bazarı haqqında məlumatlılığın artırılması, yerli biznes mühitində qiymətli kağız buraxılışı təcrübəsinin aşılanması və fond birjasında listinqin təşviq edilməsi məqsədi ilə mütəmadi olaraq ödənişsiz təlimlər təşkil edir.