İQTİSADİYYAT
Sahib Məmmədov: Tullantıların təkrar emalı prosesinin əhatə dairəsini 20 faizə çatdırmaqla ehtiyatlara qənaət hədəfi qoyulub
Bakı, 14 mart, AZƏRTAC
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq təsdiq olunmuş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” da BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə inteqrasiya edilib.
AZƏRTAC xəbər verir ki, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov “Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər” adlı forumda çıxışı zamanı bildirib.
O qeyd edib ki, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “yüksək keyfiyyətli ekoloji mühit” və yaşıl enerji milli inkişaf prioritetləri olaraq seçilmiş və “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məhz “Təmiz ətraf mühit” və “yaşıl artım ölkəsi” üzrə strateji çərçivə müəyyənləşdirilib.
“Növbəti orta müddətli dövrdə tullantıların təkrar emalı prosesinin əhatə dairəsinin 20 faizə çatdırılması, o cümlədən regionlarda 10 faiz təşkil etməsi, tullantıların çeşidlənməsi, emalı və təkrar istifadəsi sisteminin təkmilləşdirilməsi yolu ilə ehtiyatlara qənaət və bərpa edilməsi potensialının artırılması kimi hədəflər də qoyulub”, - deyə Sahib Məmmədov əlavə edib.
Nazir müavini bildirib ki, strategiyanın icrası nəticəsində ölkə iqtisadiyyatının hər il orta hesabla 3-4 faiz, qeyri-neft-qaz ÜDM-in isə illik orta hesabla 5 faiz artımı, habelə özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılması, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri-neft-qaz ixracının həcminin 85 faiz artırılması hədəflənir.
O qeyd edib ki, azad edilmiş torpaqlarımızın reinteqrasiyası, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası zamanı BMT-nin və digər beynəlxalq qurumların irəli sürdükləri qlobal inkişaf prioritetləri nəzərə alınıb. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir: “Bu ərazilərdə yaşıllaşma və karbonsuzlaşma sahəsində yerli və xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb”.