RƏSMİ XRONİKA
ŞƏHİDLƏRİN XATİRƏSİNƏ EHTİRAM
AZƏRTAC xəbər verir ki, Türkiyə Prezidenti Abdullah Gül noyabrın 6-da Şəhidlər xiyabanını ziyarət etmişdir.
Türkiyənin dövlət başçısını və nümayəndə heyətinin üzvlərini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov və digər rəsmi şəxslər qarşıladılar. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Abdullah Gül və nümayəndə heyətinin üzvləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın xatirəsini ehtiramla yad etdilər, onların məzarları üstünə gül-çiçək düzdülər.
Türkiyənin dövlət başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndi.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtımızda görülən abadlıq-quruculuq işləri barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən burada qısa vaxt ərzində yüksək səviyyədə yenidənqurma işləri görülmüşdür.
Buradan paytaxtın mənzərəsini seyr edən Prezident Abdullah Gül dedi ki, Azərbaycan, Bakı sürətlə inkişaf edir. Mən hər dəfə Bakıya gələndə yeniliklərin şahidi oluram.