İDMAN
Şəhriyar Məmmədyarov: Maqnusla oyunda maraqlı mübarizə gözləyirəm
Bakı, 4 aprel, AZƏRTAC
“Debütdən riskli oynadım, üstünlük qazandım. Bir gedişlə üstünlüyü itirərək pis vəziyyət aldım. Hətta uduza bilərdim. İstəmədiyim sonluq oldu. Oyuna yaxşı başlayıram, lakin sona qədər davam etdirə bilmirəm. Çox riskli oyun idi. Vəziyyətin pis olduğunu görəndə çox məyus oldum. Uduzsaydım əşyalarımı yığıb Şəmkirdən evə qayıtmağı düşünürdüm”.
Bu fikirləri Şəhriyar Məmmədyarov "Shamkir Chess 2019" superturnirinin dördüncü turunda Çexiya idmançısı David Navara ilə oyunundan sonra müsahibəsində bildirib. O qeyd edib ki, bundan əvvəlki turda keçmiş dünya çempionu Vişvanatan Ananda qarşı ideal oynasa da, sonda buraxdığı səhvlər məğlubiyyətlə nəticələnib. “V.Ananda qarşı hər oyunda qalib gəlmək istəyirəm. Bəlkə də bu amil mane olur. Onunla partiyada yaxşı üstünlüklərim olub, istifadə etməmişəm. Başqa şahmatçılarla görüşdə həmin üstünlüyü qələbəyə çevirirəm. Anandla partiyalarda alınmır. Çətin rəqib deyil. Sadəcə psixoloji cəhətdən ona hazır olmalısan”, - deyə o əlavə edib.
Şəhriyar Məmmədyarov turnirdəki mövqeyinə də toxunub: “Turnirdəki mövqeyim pisdir. Demək olar ki, çox itkilərim oldu. İndiki vəziyyətdə isə turnir mənim üçün düzələ bilər. Maqnusla oyunda maraqlı mübarizə gözləyirəm. Qələbə uğrunda rahat mübarizə aparmaq olar”.
Qeyd edək ki, aprelin 4-də beşinci turda Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə mübarizə aparacaq.