SİYASƏT
ŞƏKİDƏ “HEYDƏR ƏLİYEV VƏAZƏRBAYCANÇILIQ” MÖVZUSUNDABÖLGƏ MÜŞAVİRƏSİ KEÇİRİLMİŞDİR
Müşavirəni giriş sözü ilə açan milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov böyük öndərimizin milli dövlətçilik məfkurəsində önəmli yer tutan Azərbaycançılıq konsepsiyasının mahiyyəti barədə məlumat vermiş, müasir dövlət quruculuğu prosesində bu konsepsiyanın həyata keçirilməsinin böyük əhəmiyyətini xüsusi vurğulamış, mövzunun son dərəcə aktual olduğunu nəzərə alaraq, bundan öncə respublikamızın şimal və cənub bölgələrində də oxşar seminar-müşavirələrin keçirildiyini diqqətə çatdırmış, bugünkü müşavirənin bölgədə həyata keçiriləcək ardıcıl və məqsədyönlü fəaliyyətə təkanverici təsir göstərəcəyinə əminliyini bildirmişdir.
Natiq qeyd etmişdir ki, Azərbaycançılıq-Vətənçilik anlayışının siyasi-mənəvi həyatımızda gerçəkləşməsi Azərbaycan dövlətçiliyinin bu gününü və gələcək uğurlarını şərtləndirən siyasi zərurətdir. Azərbaycan Prezidenti İlham Əliyevin ölkənin daxili və xarici siyasətində ulu öndərimizin yolunu uğurla davam etdirməsi, milli ideologiya və milli siyasətdə dövlətçiliyin təməl prinsiplərinə sadiqliyi, bu ideyaların cəmiyyətdə bərqərar olması üçün atdığı real addımlar, həyata keçirdiyi siyasi xətt məhz bu zərurətdən qaynaqlanır.
Daha sonra dövlət müşaviri bildirmişdir ki, bu bölgənin füsunkar təbiəti, ən başlıcası isə saf, məğrur insanları bizim milli sərvətimizdir. Əsrlər boyu azərbaycanlılarla mehriban bir ailədə avarlar, ləzgilər, zaxurlar, ingiloylar, udilər, gürcülər, ruslar və başqa xalqların nümayəndələri tamhüquqlu Azərbaycan vətəndaşı kimi qardaşcasına yaşamış, eyni taleyi, eyni sevinci və eyni kədəri paylaşmışlar. Bu insanlar Azərbaycan adlı müqəddəs ocağa tapınmış və ulu öndərimizin tövsiyə etdiyi kimi, azərbaycanlı adını daşımaqdan qürur duymuş, bu böyük adın şərəfinə layiq olmağa çalışmışlar.
Müşavirədə Şəki Şəhəri İcra Hakimiyyətinin başçısı Nazim İbrahimov, Zaqatala Rayonu İcra Hakimiyyətinin başçısı Vaqif Rəhimov, Qax Rayonu İcra Hakimiyyətinin başçısı Abbas Göyüşov, Balakən Rayonu İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev, İsmayıllı Rayonu İcra Hakimiyyətinin başçısı Rövşən Sadıqov, Qəbələ Rayonu İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, Oğuz Rayonu İcra Hakimiyyətinin başçısı Kamil Rəhimov, habelə bölgə qazisi Səlim Səfərov, milli azlıqların nümayəndələri Olqa Cabina, Miliya Kuaşvili, Ramiz Şabanov, Abdulla Kalayev və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildirmişlər.
Müşavirəyə dövlət müşaviri Hidayət Orucov yekun vurmuşdur.