ELM VƏ TƏHSİL
Tarix Muzeyində XIX əsrə aid unikal sənət əsəri: Ərçiman xalçası
Bakı, 29 mart, AZƏRTAC
Milli Azərbaycan Tarixi Muzeyinin Etnoqrafiya fondunda bütün xalça məktəblərinə aid 720 ədəd xalça və xalça məmulatı mühafizə olunur.
Muzeydən AZƏRTAC-a bildirilib ki, bunlardan Şirvan xalçaçılıq məktəbinə aid olan “Ərçiman” xalçası XIX əsrin sonunda Xızıda toxunub. Üzərində təsvir olunan süjeti və ornamentləri ilə unikal sənət əsəri təsiri bağışlayır. Bu xalçanın qədim çeşnidən toxunan süjeti başqa xalçalarda təkrar olunmayıb. Xalçadakı süjet və naxışlar bütövlükdə xalqımızın ailə məişəti ilə bağlı adət-ənənələrini, mifik dünyagörüşünü əks etdirir. Mütəxəssislərin fikrincə, onun üzərində qırıq xətlərlə qədim türklərin insanlara ilahi qüvvə bəxş edən xoşniyyət ilahəsi Humayın təsviri verilib. Humayın təsviri xalçanın haşiyələrində toxunmuş butalarda olduğu kimi nurla əhatə edilib. Butanın belə işıqsaçan, yəni nurlu formasına çox nadir hallarda rast gəlinir. Xalçanın mərkəzi qədim türklərdə ailə birliyini, ailə bağını ifadə edən andlaşmanı, qardaşlaşmanı bildirən “and damğası” ilə haşiyələnib. And damğasının bu xalçada toxunması təsadüfü olmayıb, onun hansısa əhd-peymanla bağlı olduğunu ifadə edir. Xalça üzərində məşhur Aşşur silindrlərində olan ağaclara bənzər təsvirlər də var.
Türkbaf üsulu ilə toxunmuş “Ərçiman” xalçasının ölçüləri 154 x 157 santimetrdir.