İDMAN
Tennis üzrə fərdi yarışlarda yarımfinalçılar, cütlüklərin mübarizəsində isə finalın iştirakçıları məlum olub
Bakı, 20 may, Elvin Camalov, AZƏRTAC
Mayın 20-də İslamiadanın tennis yarışlarının doqquzuncu günündə kişilər və qadınlar arasında fərdi mübarizənin yarımfinal mərhələsinin bütün iştirakçıları və cütlüklər arasında finalçılar müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınların fərdi yarışlarında dörddəbir finalda mübarizə aparan Türkmənistan tennisçisi Cahan Bayramova Özbəkistan təmsilçisi Sabina Şaripovaya hər iki setdə məğlub olaraq (2:6, 1:6) mübarizəni dayandırıb. Özbəkistanlı tennisçi adını yarımfinala yazdırıb.
Türkiyə təmsilçisi Berfu Cengiz növbəti mərhələyə vəsiqəni Malayziya idmançısı Cavairiah Nurdin üzərində inamlı qələbə (6:1, 6:0) qazanaraq təmin edib.
Oman atleti Fatma Al Nabhaniyə dörddəbir finalda Malayziya təmsilçisi Selva Racu Teiviyanı məğlub edərək (6:2, 7:6) növbəti mərhələyə yüksəlib.
Digər görüşdə isə Özbəkistan təmsilçisi Komola Umarovaya 7:5 və 6:2 hesabı ilə qalib gələn Türkiyə tennisçisi Ayla Aksu yarımfinala adlayıb.
Kişilərin fərdi mübarizəsində isə Mərakeş təmsilçisi Amine Ahouda uqandalı Dunkan Muqabeni məğlub edərək (7:5, 6:3) yarımfinala yüksəlib.
Özbəkistan təmsilçisi Sergey Fomini 6:3 və 6:2 hesabı ilə mübarizədən kənarlaşdıran Türkiyə tennisçisi Altuğ Çelikbilek növbəti mərhələyə adlayıb.
Yarımfinal mərhələsinə yüksələn növbəti kişi idmançı Türkiyə təmsilçisi Anıl Yüksəl olub. O, yarımfinala vəsiqəni Özbəkistan idmançısı Saidalo Saidkərimov üzərində qələbə (6:4, 6:4) sayəsində təmin edib.
Qətər təmsilçisi Mübarək Şannan Zayid isə dörddəbir finalda Əmirvala Mədənçi (İran) üzərində qələbə qazanaraq (6:4, 4:6, 7:6) dörddəbir finala yüksəlib.
Qadın cütlüklərin yarışında Sabina Şaripova-Polina Merenkova dueti (Özbəkistan) Anastasiya Prenko-Cahan Bayramova (Türkmənistan) ilə görüşdə qələbə qazanaraq (6:4, 6:2) finala yüksəlib.
Növbəti qarşılaşma Malayziya təmsilçiləri Cavairiah Noordin-Selva Racu Teiviya ilə Ayla Aksu-Berfu Cengiz cütlüyü arasında oynanılıb. Türkiyə təmsilçiləri finala vəsiqə qazanıblar - (6:3, 7:6).
Kişi cütlüklərin mübarizəsində isə Altuğ Çelikbilek-İlhan Sarp Ağabigün cütlüyü (Türkiyə) Amin Ahuda-Ayoub Çakrouni (Mərakeş) üzərində qələbə qazanaraq (6:0, 6:3) finala vəsiqəni təmin edib.
Digər görüşdə isə Merzuki Məhəmməd Əssar-Abdul Razak Əhməd (Malayziya) dueti Amal Sultanbekov-Saidalo Saidkərimov (Özbəkistan) cütlüyünə (3:6, 3:6) məğlub olaraq finala çıxmaq şansını itirib.
Stolüstü tennis üzrə cütlüklərin yarışına mayın 21-də, fərdi mübarizəyə isə mayın 22-də yekun vurulacaq.