RƏSMİ XRONİKA
TÜRKİYƏ RESPUBLİKASININ PREZİDENTİ ABDULLAH GÜLÜN AZƏRBAYCANA RƏSMİ SƏFƏRİ
HAVA LİMANINDA QARŞILANMA
AZƏRTAC xəbər verir ki, noyabrın 6-da Türkiyə Respublikasının Prezidenti Abdullah Gül Azərbaycana üçgünlük rəsmi səfərə gəlmişdir.
Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş Heydər Əliyev adına beynəlxalq hava limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Türkiyə Prezidenti Abdullah Gülü və xanımı Hayrünnisa Gülü təyyarənin pilləkəni yanında Azərbaycanın Baş naziri Artur Rasizadə, xarici işlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Abdullah Gül Azərbaycanda fəaliyyət göstərən türk iş adamları ilə də görüşdü.
Milli geyimli uşaqlar Türkiyə Prezidentinə və xanımına gül dəstəsi təqdim etdilər.
Hava limanının ali qonaqlar üçün salonunda Prezident Abdullah Gül və Baş nazir Artur Rasizadə arasında qısa protokol söhbəti oldu.
Türkiyə Prezidenti və nümayəndə heyətinin üzvləri hava limanından fəxri motosikletçilər dəstəsinin müşayiəti ilə şəhərə yola düşdülər.