SİYASƏT
Türkiyə və Azərbaycan diaspor təşkilatlarının rəhbərləri İsrailin Nyu-Yorkdakı baş konsulu ilə görüşmüşlər
Bakı, 9 mart (AZƏRTAC). Martın 7-də Türkiyə və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri İsrailin Nyu-Yorkdakı baş konsulu İdo Aharoni ilə görüşmüşlər. Məqsəd Türkiyə və Azərbaycan təşkilatlarının nümayəndələrinin vasitəsilə Türkiyə ilə İsrail arasındakı əlaqələrin möhkəmlənməsinə yardım etmək olmuşdur.
AZƏRTAC xəbər verir ki, görüşdə Türkiyə-Amerika Ticarət Palatasının sədri Cəlal Seçilmiş, Türkiyə-Amerika Assosiasiyası Birliyinin sədr müavini və ABŞ-dakı Azərbaycan Cəmiyyətinin rəhbəri Tomris Azəri, Türk-Hars Birliyinin rəhbəri İbrahim Qurtuluş, Türkiyə Amerika Dərnəkləri Federasiyasının baş katibinin müavini Nevzat Pekcan, ABŞ-dakı Azərbaycan Cəmiyyətinin və digər diaspor təşkilatlarının üzvləri iştirak etmişlər.
Tədbirdə çıxış edən İsrailin Nyu-Yorkdakı baş konsulu, Nyu- Yorkdakı vəzifəsinə yeni təyin olunduğunu, soy kökünün Türkiyəyə qədər uzandığının və babasının məzarının Mersin vilayətində olduğunu bildirmişdir. İdo Aharoni əlaqələrin inkişafı üçün mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsinin vacibliyini vurğulamışdır.
Tomris Azəri baş konsulu martın 21-də Nyu-Yorkda təşkil ediləcək Novruz bayramı şənliklərinə dəvət etmiş, İbrahim Qurtuluş isə yəhudilərin Türkiyədəki tarixinə dair kitabı baş konsula hədiyyə etmişdir.
Türkiyə-Amerika İş Adamları Dərnəyi (TABA) idarə heyəti üzvü və Türkiyə Amerika Dərnəkləri Federasiyasının sabiq sədri Ərhan Atay türk-yəhudi əlaqələrinin əhəmiyyətindən danışmış, əməkdaşlığa davam edəcəklərini vurğulamışlar.