CƏMİYYƏT
Ucarda polis koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərini davam etdirir
Bakı, 12 may, AZƏRTAC
Ölkəmizin bütün şəhər və rayonlarında olduğu kimi, Ucarda da vətəndaşların sağlamlığının qorunması, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən maarifləndirici, izahedici söhbətlər aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən vətəndaşlara evdən çıxarkən qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda tibbi maskadan mütləq qaydada istifadə etmək, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaq və sağlamlıqlarının qorunması ilə bağlı digər zəruri məsələlər haqqında tövsiyələr verilib. Bankların, poçt filiallarının qarşısında, əhalinin sıx olduğu digər ərazilərdə sosial izolyasiya tədbirlərinə nəzarət olunur, vətəndaşlara tibbi maskalar və əlcəklər paylanılıb.