SİYASƏT
Ukrayna Azərbaycanlı Gənclər İttifaqının üzvləri İkinci dünya müharibəsində həlak olanların xatirəsini anmışlar
Bakı, 11 aprel (AZƏRTAC). 10 aprel Odessanın alman-faşist işğalçılarından azad olunması günüdür. Bu il Odessada sülhün bərqərar olunmasının 70 ili tamam olur. Minlərlə şəhər sakini – veteranlar, beynəlmiləlçi döyüşçülər, məmurlar, məktəblilər, tələbələr şəhəri azad edənlərin və onun müdafiəçilərinin xatirəsinə ehtiramlarını bildirmək üçün aprelin 11-də səhər Naməlum matrosun abidəsi qarşısına gəlmişlər.
Ukrayna Azərbaycanlı Gənclər İttifaqından (UAGİ) AZƏRTAC-a bildirmişlər ki, əsas təntənəli tədbirlərdən biri şəhərin mərkəzində - Opera Teatrının qarşısındakı Teatr Meydanında keçirilmişdir. Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, SOCAR-ın Ukraynadakı təmsilçiləri, habelə UAGİ-nin fəalları Şöhrət xiyabanında memorial lövhələrin üzərinə güllər qoymuşlar.
10 aprel təkcə odessalılar üçün deyil, həm də bütün Ukrayna üçün əlamətdar gündür. Şəhərin azad olunması uğrunda döyüşlərdə müxtəlif xalqların nümayəndələri çiyin-çiyinə vuruşmuşlar. Ukraynanın cənub-qərb hissəsinin, o cümlədən Odessanın azad edilməsində iştirak etmiş Azərbaycanın 416-cı atıcı diviziyası buna parlaq nümunədir. Azərbaycan xalqının oğulları düz Berlinə qədər gedərək, Qələbə bayrağını Brandenburq darvazasına sancmışlar. Bu diviziyaya daxil olan polklar Ağdam, Sumqayıt və Göyçayda təşkil edilmişdir. Diviziyanın tərkibində 11.050 azərbaycanlı, 291 rus, 110 gürcü, 99 ukraynalı, 28 yəhudi və başqa millətlərin nümayəndələri olmuşlar.
Ukrayna öz qəhrəmanlarına qayğı ilə yanaşır və onları unutmur. Xoşbəxtlikdən, Azərbaycan diviziyasının hünəri böyük Ukrayna tarixinin silinməz səhifələrindən birinə çevrilmişdir.