RƏSMİ XRONİKA
ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN MƏZARINI ZİYARƏT
AZƏRTAC xəbər verir ki, Türkiyə Respublikasının Prezidenti Abdullah Gül noyabrın 6-da Fəxri xiyabana gəlmişdir.
Burada ali qonağı və nümayəndə heyətinin üzvlərini Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Abdullah Gül türk dünyasının görkəmli oğlu, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ümummilli liderimizin xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoydu.
Türkiyənin dövlət başçısı Abdullah Gül və xanımı Hayrünnisa Gül görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edərək, məzarı üzərinə gül dəstəsi qoydular.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ali qonağa Fəxri xiyabanın tarixi barədə məlumat verdi.