ELM VƏ TƏHSİL
UNEC-in kollektivi Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Bakı, 31 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) struktur rəhbərləri, müəllim-tələbə heyəti 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Universitetdən AZƏRTAC-a bildirilib ki, UNEC-in kollektivi abidənin önünə gül dəstələri düzdükdən sonra, onlara ermənilərin törətdikləri soyqırım barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, əhalinin həyat tərzi haqqında fotolar var. Kompleksdə quraşdırılan monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı ölkəmizin müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Qeyd olunub ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.