VƏTƏNDƏN UZAQLARDA VƏTƏN HİSSİ HƏR BİRİMİZDƏ YAŞAYIR
Biz Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) Rusiyada yaşayan sahibkar soydaşlarımızı birləşdirən və ümumdiaspor ictimai-iqtisadi qurumu olan İqtisadi İnkişaf Fondu idarə heyətinin bu yaxınlarda Moskvada keçirilən iclasında iştirakçıların alovlu nitqlərini dinləyərkən istər-istəməz bu barədə düşündük. ÜAK-ın vitse-prezidenti Natiq Ağamirov iclası açaraq, Rusiya iqtisadiyyatında daha geniş təmsil olunan diasporun vəzifələrini yerinə yetirmək üçün Rusiyadakı azərbaycanlıların iqtisadi potensialının birləşdirilməsi istiqamətində Fondun təkcə ölkə paytaxtındakı deyil, həm də onun regionlarındakı fəaliyyətindən danışmışdır. Bəlkə də, buna görə Rusiyadakı Azərbaycan diasporu Rusiya-Azərbaycan ticarət-iqtisadi və mədəni əlaqələrinin inkişafında və möhkəmləndirilməsində, birgə iri iqtisadi və sosial layihələrin həyata keçirilməsində çox maraqlıdır. Soydaşlarımız öz tarixi Vətəninə, orada baş verən ictimai-iqtisadi proseslərə böyük maraq göstərir, Azərbaycanda aparılan iqtisadi islahatlara öz töhfələrini vermək arzusu ilə yaşayırlar. ÜAK-ın İqtisadi İnkişaf Fondu da, əslində, bu arzunu həyata keçirmək üçün yaradılmışdır.
İclasın digər iştirakçısı, Yakutiyadan olan sahibkar Rafiq Qafarov çıxışında Konqresin Rusiya ilə Azərbaycan arasında sosial-iqtisadi münasibətlərin inkişafı sahəsində fəaliyyətini dəstəklədiyini bildirərək demişdir ki, həmvətənlərimizin həm Rusiya, həm də Azərbaycan iqtisadiyyatına sərmayə qoymalarının təşviq edilməsi, Rusiya və Azərbaycan sahibkarlarının işgüzar əlaqələrinin möhkəmlənməsinə kömək göstərilməsi, bunun üçün Fondun nəzdində sərmayə fondu yaradılması çox vacib məsələdir. 30 ildən çox Yakutiyada işləmiş və inşaat biznesi ilə ciddi məşğul olmuş bir insan kimi R.Qafarovun bu təklifi çox inandırıcı səslənirdi.
Eyni zamanda bildirilmişdir ki, Fond bu istiqamətdə öz praktik fəaliyyətini ÜAK-ın tamhüquqlu üzv olduğu Azərbaycan Respublikası və Rusiya Federasiyası hökumətlərarası komissiyasının proqramına uyğun qurur. Yeri gəlmişkən, iclasda komissiyanın nümayəndəsi də iştirak edirdi.
Ümumrusiya Azərbaycan Konqresi Rusiyadakı soydaşlarımızın ölkəmizin iqtisadiyyatına sərmayələr qoyulmasına cəlb edilməsi baxımından da çox fəal işləyir. Hazırda Fondun iştirakı ilə bir sıra layihələr həyata keçirilir. Fond Rusiyada ölkənin ictimai həyatında müəyyən rol oynayan iki milyondan çox azərbaycanlının yaşadığını nəzərə alaraq, Rusiyadakı Azərbaycan diasporunun sosial vəziyyətinin möhkəmləndirilməsinə yönəldilmiş IP beynəlxalq telefon rabitəsi xidməti layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində Moskvada “ÜAK-telekom” şirkəti fəaliyyət göstərir. İclas iştirakçılarına onun işi barədə də məlumat verilmişdir. ÜAK-ın İqtisadi İnkişaf Fondunun və Bakıdakı “İlham” nəqliyyat-ekspedisiya şirkətinin iştirakı ilə Moskvada Beynəlxalq yükdaşımalar agentliyi açılmışdır. Beynəlxalq və daxili yükdaşımalar sahəsində xidmət göstərəcək agentlik son nəticədə Rusiya şirkətləri ilə əməkdaşlıq yaradaraq, xidmətlər bazarımızı genişləndirəcəkdir. Nəhayət, Fondun iştirakı ilə yaradılmış və qeyri-kommersiya təşkilatı olan “Buta” incəsənət mərkəzini də yaddan çıxarmaq olmaz. Mərkəz Moskvada və Rusiya regionlarında Azərbaycanın mədəniyyətini və adət-ənənələrini təbliğ edir.
İqtisadi İnkişaf Fondu Rusiya paytaxtında milli klub-restoranın açılmasını, Azərbaycanın yeyinti sənayesi məhsullarının Rusiya bazarlarına çıxarılmasını, ölkəmizdə turizmin inkişafına kömək göstərilməsini, Azərbaycan və Rusiya regionları rəhbərlərinin görüşlərinin təşkilini planlaşdırır.
Belə genişmiqyaslı işlərin görülməsinə ötən il Bakıda keçirilmiş birinci iqtisadi forum da xeyli təkan vermişdir. Forumda Azərbaycan-Rusiya ticarət-iqtisadi münasibətlərinin ənənələrindən və perspektivlərindən söhbət açılmışdır. Gələn ilin əvvəllərində ölkəmizdə ikinci Azərbaycan-Rusiya iqtisadi forumunun keçirilməsi nəzərdə tutulmuşdur. Tədbirdə hökumətlərarası komissiyanın nəzdində daimi İqtisadi Şura yaradılması, ÜAK-ın İqtisadi Fondunun Rusiya və Azərbaycan arasında ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsinə yönəldilmiş fəaliyyətinin genişləndirilməsi və dərinləşdirilməsi məsələlərinə də baxılacaqdır.
Bütün bu məsələlərdə Konqresə ölkəmizin Rusiyadakı səfirliyi də xeyli kömək edir. Onun köməyi ilə hər iki ölkənin regionlarındakı müəssisələrin istehsal etdikləri məhsulların qarşılıqlı göndərilməsi barədə birbaşa ikitərəfli müqavilələrin bağlanması üçün həmin region rəhbərlərinin görüşləri keçirilir və bundan sonra da keçiriləcəkdir. ÜAK-ın vitse-prezidenti N.Ağamirov hazırda Fondun Azərbaycan və Rusiyanın regionlarına geniş çeşiddə əmtəə, texnika və avadanlıq göndərmək barədə hər iki ölkənin müxtəlif istehsalçılarından təkliflər aldığını bildirmiş, həmin məsələlərdə səfirliyin Konqresə göstərdiyi dəstəyin böyük əhəmiyyətini vurğulamışdır.
ÜAK-ın Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə 2004-cü ildə Moskvada keçirilmiş II qurultayında Konqresin həmvətənlərin bütün sahələrdə birləşdirilməsi ilə əlaqədar fəaliyyəti bütövlükdə yüksək qiymətləndirilsə də, bu qurumun problemləri də az deyildir. MBA-Moskva bankının rəhbəri Fuad Abdullayev, Fondun Qəyyumluq Şurasının sədri Fuad Axundov, İvanovo, Həştərxan vilayətlərindəki və digər vilayətlərdəki Azərbaycan icmalarının başçıları ÜAK-ın İqtisadi İnkişaf Fondu idarə heyətinin iclasındakı çıxışlarında həmin problemlərə toxunaraq bildirmişlər ki, Rusiyadakı Azərbaycan diasporunun mənafelərini müdafiə edən ən mötəbər təşkilat kimi Konqresin qarşısında yeni, daha qlobal və resurstutumlu vəzifələr durur. Onların həll olunması intellektual və peşəkar imkanların səfərbərliyə alınması ilə yanaşı, ciddi maliyyə yardımı, ÜAK-ın büdcəsinin formalaşdırılmasında möhkəm sistem, qabaqcadan planlaşdırılmış sponsor köçürmələri də tələb edir.
Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Ramiz Rizayev axırda çıxış edərək bildirmişdir ki, bu baxımdan layihələrin maliyyələşdirilməsində şəffaflıq siyasətinə sadiqliyin xüsusi əhəmiyyəti var. Bu isə onların müvəffəqiyyət qazanmasına inamı xeyli artıracaq, Azərbaycanın iqtisadiyyatına sərmayə axınlarını gücləndirməyə imkan verəcəkdir.
Hər bir layihədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi isə diasporun, nüfuzlu Azərbaycan lobbisinin yaranması üçün əsas ola biləcək və müdrik liderimiz Heydər Əliyevin dediyi kimi, Vətənimizin, xaricdə yaşayan həmvətənlərimizin mənafeyinə yönəldilmiş siyasətin formalaşdırılmasına kömək göstərməyə qadir diasporun birləşməsi prosesini stimullaşdıracaqdır.