RƏSMİ XRONİKA
YAĞ EMALI ZAVODUNUN MƏHSULLARI XARİCİ BAZARA DA GÖNDƏRİLİR
Azərbaycan Prezidenti İlham Əliyev bu münasibətlə təşkil olunmuş mərasimdə iştirak etmişdir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı zavodun kollektivi böyük hörmət və ehtiramla qarşıladı, onlara gül dəstəsi təqdim olundu.
Prezident İlham Əliyev müəssisənin rəmzi isə düşməsini bildirən düyməni basdı.
Dövlət başçısına məlumat verildi ki, burada, əsasən, pambıq çiyidindən marqarin yağı istehsal olunur. İldə 80 min ton çiyiddən 14 min ton yağ alınır. Məhsul, əsasən, Orta Asiya ölkələrinə ixrac olunur. Yerli xammaldan istifadə olunduğundan hazır məhsulun qiyməti də münasibdir. Müəssisəyə 6,4 milyon manat sərmayə qoyulmuşdur. Burada Türkiyə və Almaniyadan alınmış müasir avadanlıq quraşdırılmışdır. Hazırda zavodda 246 nəfər işləyir, orta aylıq əmək haqqı 300-400 manatdır.
Prezident İlham Əliyev istehsal prosesi ilə tanış oldu, hazır məhsulun çeşidinə baxdı.
Dövlətimizin başçısı görülən işləri yüksək qiymətləndirərək, bu cür müəssisələrə ehtiyac duyulduğunu, ölkədə sahibkarlığın dinamik inkişaf etdiyini bildirdi, özəl sektorun inkişafına gələcəkdə də diqqət göstəriləcəyini söylədi.
Prezident İlham Əliyevə xatirə olaraq üzərində ulu öndərin 1970-ci illərdə pambıq tarlasında çəkilmilş şəkli əsasında toxunmuş xalça hədiyyə edildi.