SİYASƏT
Yan Zahradil: Avropa Parlamenti-Azərbaycan əlaqələrı yüksələn xətlə inkişaf edir
Bakı, 18 dekabr, AZƏRTAC
Dekabrın 18-də Milli Məclisin Avropa İttifaqı ilə əməkdaşlıq komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Avropa Mühafizəkarlar və İslahatçılar Alyansının prezidenti, Avropa Parlamentinin üzvü Yan Zahradil ilə görüş keçiriblər.
AZƏRTAC xəbər verir ki, komitənin həmsədri, deputat Cavanşir Feyziyev Avropa Parlamenti ilə Milli Məclis arasında 2016-cı ildə münasibətlər yenidən bərpa olunandan və parlamentlərarası əməkdaşlıq komitəsinin tərkibi yenidən formalaşdıqdan sonra fəal şəkildə əməkdaşlığa başlanıldığını söyləyib. O qeyd edib ki, Azərbaycan tərəfinin nümayəndələri bu iki il ərzində dörd dəfə Avropa Parlamentində olub, müxtəlif görüşlər keçirib, beynəlxalq tədbirlərdə iştirak ediblər. Avropa Parlamentinin nümayəndələri də vaxtaşırı regiona səfər edir, ölkəmizdə olurlar. Bu, əlaqələrimizin möhkəmlənməsindən, daha da inkişaf etməsindən xəbər verir.
Yan Zahradil uğurlu əməkdaşlığa töhfə vermək üçün Azərbaycana konkret təkliflərlə gəldiyini, bu məsələlərin əməkdaşlığımızın daha da genişləndirilməsi baxımından faydalı olacağını vurğulayıb. Qeyd olunub ki, Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı Azərbaycanla hərtərəfli əməkdaşlıq edən bir qurumdur. Eyni zamanda, Avropa Parlamenti ilə Azərbaycan arasında əlaqələr hazırda yüksələn xətlə inkişaf edir. Azərbaycan parlamenti ilə qarşılıqlı səfərlərin daha da intensivləşdirilməsi münasibətlərimizə müsbət təsir edəcək.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə deputatlar Qüdrət Həsənquliyev (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri), Elman Nəsirov, Elşad Həsənov və başqaları iştirak ediblər.