CƏMİYYƏT
“YAŞAT” düşərgəsinin 3-cü həftəsi davam edir
Bakı, 3 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həftə çərçivəsində bir sıra əyləncəli və öyrədici tədbirlər reallaşdırılıb.
Belə ki, ilkin olaraq səhər idmanına oyanan uşaqlar sonra psixoloqlarla görüşüblər. “Faceart” tədbirində isə üzlərinə bir-birindən maraqlı şəkilləri boya ilə əks etdiriblər. Həmçinin iştirakçılar üçün hovuz saatı, əyləncəli və öyrədici rəqs təlimi və kino saatı keçirilib.
Düşərgənin növbəti günündə “Bilim Bakı” mərkəzi tərəfindən astronomiya laboratoriyası və hotel ərazisində ferma gəzintisi gerçəkləşib.
Günün sonunda isə ASAN Radionun təşkilati dəstəyi ilə baş tutan konsert proqramında Xalq artisti Röya Ayxan müxtəlif ifalarını səsləndirərək uşaqlarla xoş vaxt keçirib. Həmçinin düşərgə iştirakçıları Uğur Quluzadənin, Yağmur Quluzadənin və Zəhra Fərəcullayevanın doğum günləri qeyd olunub.
Tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorlar “Nar”, “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, dəstəkçilər “İnnovasiyalar Mərkəzi”, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Həyat Sığorta” ASC, "Gənc Psixoloqlar" İctimai Birliyi, “Digital Umbrella” şirkəti, Şamaxı Safari Park, “DeFacto” mağazalar şəbəkəsi, “Panda Kids” mağazalar şəbəkəsi, “Elm Galaxy” MMC, “Libraff” kitab mağazaları şəbəkəsi, “Happy Day Cake”, Booo.az, “Milla”, “Gədəbəy Mineral Suları” MMC, “Bilim Bakı” mərkəzi, “INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi”, Şamaxı Astrofizika Rəsədxanası, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.