CƏMİYYƏT
“YAŞAT” düşərgəsinin dördüncü həftəsi başa çatıb
Bakı, 11 avqust, AZƏRTAC
“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsində bir sıra maraqlı tədbirlər təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dördüncü həftənin 5-ci günündə uşaqlar üçün idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşlər keçirilib.
“Azərbaycan Hava Yolları”nın peşəkar pilot və təyyarə bələdçisi düşərgədə qonaq olub, iştirakçıları maraqlandıran sualları cavablandırıblar. Həmçinin uçuş təhlükəsizliyi mövzusunda təlim keçiblər. Sonda düşərgə iştirakçılarına hədiyyələr təqdim ediblər.
Uşaqların növbəti görüşü peşəkar cüdoçu, bir çox beynəlxalq turnirlərin qalibi Rüstəm Orucovla olub. O, uşaqlarla birlikdə tatami üzərinə çıxıb, cüdo fəndləri ilə iştirakçıları tanış edib.
Bağlanış mərasimində “YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov uşaqlarla görüşüb, onlara sertifikat və müxtəlif hədiyyələr təqdim edib.
Bununla da düşərgənin dördüncü həftəsinə yekun vurulub.
Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorlar: “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.