CƏMİYYƏT
“YAŞAT” Fondunun təşkilatçılığı ilə şəhid övladlarının Almaniyada yay məktəbi davam edir
Bakı, 16 avqust, AZƏRTAC
“ASAN xidmət”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı, “NEQSOL Holding”in və “Bakcell”in dəstəyi ilə şəhidlərin övladları üçün Almaniyanın Frankfurt şəhərində keçirilən yay məktəbi davam edir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, düşərgənin 2-ci və 3-cü günləri iştirakçılar Yohan Volfqan fon Göte adına Frankfurt Universitetində proqrama uyğun olaraq 3 saatlıq ingilis dili dərslərinə qatılıblar.
Gün uşaqların şəhərin ən böyük əyləncə mərkəzində keçən rəngarəng anları ilə yekunlaşıb.
Növbəti gün proqrama uyğun olaraq keçirilən dərs saatları ilə başlayıb, daha sonra uşaqlar üçün şəhərə ekskursiya ilə davam edib. Gənclər Stadel İncəsənət İnstitutunu ziyarət ediblər.
Doqquzuncu sinif buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 10 nəfər şəhid övladının yay məktəbində iştirakı “NEQSOL Holding” və “YAŞAT” Fondu arasında bu il imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilir.
Media dəstəyi: ASAN Radio “YAŞAT” Fondu tərəfindən şəhidlərin övladları üçün mütəmadi olaraq belə layihələr həyata keçirir. Məqsəd onların dünyagörüşünün genişləndirilməsinə, yeni biliklər əldə etməsinə xidmət etməklə yanaşı, həm də vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.