İQTİSADİYYAT
Yevlax şəhərində Kür çayının sahilində beşulduzlu otel inşa edilir
Yevlax, 17 iyul (AZƏRTAC, Tahir Ağaməmmədov). 2014-cü ilin birinci yarısında Yevlax rayonunda ümumdaxili məhsulun (ÜDM) həcmi 255,6 milyon manat olub. Bu, ötən ilin eyni dövrünə nisbətən 20,1 milyon manat və yaxud 8,5 faiz çoxdur. ÜDM-in 8,2 milyon manatını sənaye, 41,7 milyon manatını kənd təsərrüfatı, 48,4 milyon manatını tikinti, 128,5 milyon manatını ticarət, 2,6 milyon manatını nəqliyyat, 0,6 milyon manatını rabitə, 27,6 milyon manatını digər xidmətlər təşkil edib. Adambaşına 2060,1 manat ÜDM istehsal olunub ki, bu da 2013-cü ilin birinci yarısına nisbətən 148,4 manat və yaxud 7,8 faiz çoxdur.
AZƏRTAC xəbər verir ki, bu faktlar Yevlaxda 2014-cü ilin birinci yarısının yekunlarına həsr olunan hesabat yığıncağında səsləndirildi.
Yığıncaqda daha sonra bildirildi ki, hesabat dövründə tikinti, quruculuq işləri davam etdirilib, infrastrukturun yaxşılaşdırılmasına, əhalini narahat edən problemlərin aradan qaldırılmasına xüsusi fikir verilib. Sahibkarlıq subyektlərinə 16 milyon 90 min manat kredit verilib, 334-ü daimi olmaqla 417 yeni iş yeri açılıb. Bütün maliyyə mənbələri hesabına kapital qoyuluşunun həcmi 48 milyon manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 milyon manat və ya 15 faiz çoxdur.
Bu dövrdə Energetika Nazirliyinin regional qaz nəzarəti idarəsinin, Kənd Təsərrüfatı Nazirliyinin regional referens və toksikologiya ekspertiza laboratoriyasının inzibati binalarının tikintisi başa çatdırılıb, Qaraməmmədli-Qaramanlı-Köyük kəndlərarası yolunun 15 kilometr hissəsi istifadəyə verilib. Hazırda Kür çayı sahilində 5 ulduzlu otelin, rayon polis şöbəsinin, İqtisadi İnkişaf Nazirliyinin Aran regional idarəsinin, təhsil şöbəsinin, Azərbaycan Beynəlxalq Bankının Yevlax filialının, 11 saylı Ərazi Vergilər Departamentinin, qaz istismar sahəsinin inzibati binalarının, şəhər 10 nömrəli tam orta məktəbi üçün 240 şagird yerlik, Əcəmi və Yuxarı Bucaq kənd ümumi məktəbləri üçün 180 şagird yerlik binaların, 100 yerlik uşaq bağçasının tikintisi aparılır, 3 nömrəli tam orta məktəbin binası və Kür çayı üzərində uzunluğu 263 metr, 5 aşırımlı dəmir yolu körpüsü əsaslı təmir olunur.
Məruzə və çıxışlarda əhalinin həyat şəraitinin yaxşılaşdırılması, elektrik enerjisi, təbii qaz və su ilə təminatı, təhsilin, mədəniyyətin inkişafı sahəsində görülən işlər ətraflı təhlil edildi, uğurlarla yanaşı, problemlər də sadalandı, onların həlli üçün təkliflər irəli sürüldü.
Əminliklə bildirildi ki, yevlaxlılar əvvəlki illərdə olduğu kimi, bu ildə də qarşıya qoyulan vəzifələri uğurla icra edəcək, müstəqil Azərbaycanın inkişafına öz töhfələrini verəcəklər.