REGİONLAR
Zərdabda suvarmada istifadə olunan nasos stansiyaların təmirinə başlanılıb VİDEO
Zərdab, 17 noyabr, AZƏRTAC
Zərdab Suvarma Sistemləri İdarəsi rayon ərazisində suvarmanın mütəşəkkil aparılması üçün gücləndirilmiş iş rejimində çalışır. İdarə balansında olan 39 min hektardan artıq əkin sahəsini mexaniki üsulla suvarır. Bir hissəsi Kür çayından götürülən su 68 ədəd nasos stansiya vasitəsilə sahələrə vurulur. Bunun üçün nasos stansiyalarda qurulmuş 110 aqreqatın gücündən istifadə edilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hazırda nasos stansiyalarda təmir işlərinə başlanılıb. Nasaz aqreqatlar idarə əməkdaşları tərəfindən aşkarlanaraq dəyişdirilir. Bundan başqa hidrotexniki qurğuların da təmiri paralel olaraq aparılır.
Həmçinin rayonda su itkisini minumuma endirmək, sudan istifadənin səmərəliliyini artırmaq üçün torpaq məcralı kanallar beton üzlüyə alınır. Hazırda bu işlər rayon ərazisində Məlikmutlu torpaq məcralı kanalda davam edir.
Qeyd edək ki, Zərdab rayonunda ötən vegetasiya dövründə 18200 hektar sahədə taxıl, 17500 hektarda yonca və 3070 hektarda isə pambıq əkilib. Pambıq sahələri 2,5 dəfə, yonca sahələri 4 dəfə, taxıl sahələri isə 2 dəfə suvarılıb.