İQTİSADİYYAT
Bakının bir neçə piyada keçidində lift və eskalatorlar təmir edilib
Bakı, 3 may, AZƏRTAC
Paytaxt ərazisində yerləşən bəzi yerüstü və yeraltı piyada keçidlərindəki lift və eskalatorların sıradan çıxmış hissələrinin yenisi ilə əvəz edilməsi və keçidlərin daxilində cari təmir işləri aparılır.
AZƏRTAC Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, təmir işləri çərçivəsində Neapol küçəsində (Heydər Əliyev parkının yanında) və Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində yerləşən yerüstü piyada keçidlərindəki liftlərdə komplekt şkif, tros, mühərrikin diyircəkli yastığı, çağırış düyməsi, kabel və fotosellər yenisi ilə əvəz olunub.
Bununla yanaşı, Neftçilər prospekti 141 ünvanında ("Port Baku"nun yanı) və Sabunçu dairəsində yerləşən piyada keçidlərindəki eskalatorların sıradan çıxmış əsas detalları yenisi ilə əvəz olunub.
Sınaq yürüşü uğurla keçirildikdən sonra eskalatorlar sərnişinlərin istismarına verilib.
Bu ilin sonuna qədər mərhələlərlə digər nasaz eskalator və liftlər də yeni detallarla təmin olunacaq.